Xəzər Xəbər

Nazir xaricdə təhsil alan gənclərin işlə təminatından DANIŞDI: Təklif edilən iş, əmək haqqı qane etmirsə...

Gündəm | 14:56 • 21 Noyabr 2018
Nazir xaricdə təhsil alan gənclərin işlə təminatından DANIŞDI:

"2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 nəfər gənc dünyanın müxtəlif ölkələrinin qabaqcıl ali təhsil müəssisələrində bakalavr, magistr, doktorantura təhsili alıb.

XəzərXəbər xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov bu gün nazirlikdə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, həmin tələbələrin əksəriyyəti təhsili başa vurub ölkəyə qayıdıb, müxtəlif sahələrdə fəaliyyət göstərirlər: "Apardığımız təhilillər zamanı həmin məzunların 60 faizinin özəl, 40 faizinin dövlət sektorunda fəaliyyət göstərdiyi məlum olub. Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan məzunlarımızın böyük əskəriyyəti əmək fəaliyyəti ilə yanaşı, akademik fəaliyyət də göstərir. ADA, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi və Dövlət İdarəçilik Akademiyasında dövlət proqramının yüzlərlə məzunuı işləyir, pedoqoji fəaliyyətlə məşğul olurlar. Bu da o deməkdir ki, Dövlət Proqramı Azərbaycanın ali təhsil sisteminə tövhə verir”.

Nazir onu da vurğulayıb ki, Dövlət Proqramı çərçivəsində dünyanın inkişaf etmiş ölkələrinin ali təhsil müəsisələrinin ölkəmizdə filialı açılıb. "Bu müddət ərzində yeni nəsil ali təhsil müəssisələri- ADA Universiteti, Bakı Ali Neft Məktəbi fəaliyyətə başladı. SABAH qrupları da bu proqramın bir hissəsidir. Bu müddət ərzində ölkə iqtisadiyyatı üçün vacib olan ikili diplom proqramları həyata keçirildi. Bu da ölkəmizin təhsil sisteminin beynəlxalq reytinq cədvəllərində yerinə təsir edən məqamlardandır. Bu proqramlar, xaricdə təhsil alan gənclərimizin ölkəyə geri qayıtması təhsil sisteminin inkişafına töhfəsini verəcək”.

Nazir bildirib ki, xaricdə təhsil üzrə dövlət proqramlarının məzunları ilə digər məzunlar arasında müəyyən qədər fərq var. Nazir qeyd edib ki, həmin məzunların təhsili alması üçün dövlət kifayət qədər maliyyə sərf edib: "Xaricdə təhsil alanlar üçün sərf olunan vəsait yerli ali məktəblərdə dövlət sifarişi əsasında təhsil alanlar üçün xərclənən vəsaitdən çoxdur. Bununla yanaşı, xaricdə təhsil alan məzunların dövlət müəssisələrində işə qəbulu ilə bağlı imtiyazlar var. Məsələn, dövlət qulluğuna qəbulda onlar test mərhələsindən azaddır. Artıq 20-dən artıq xaricdə təhsil alan məzun Təhsil Naziriliyində işlə təmin edilib. Nazirlik olaraq xaricdə təhsil üzrə dövlət proqramının nəticələrindən çox faydalanmışıq. Xaricdə təhsil alanların xarici ölkələrə üz tutması halı da ola bilər. Bu, istisna deyil”.

C.Bayramov onu da vurğulayıb ki, hər il xaricdə təhsil alan məzunlarla bağlı Təhsil Nazirliyi onların ixrtisaslarına uyğun nazirliklərə, mərkəzi icra hakimiyyətlərinə təkrar məlumatlar təqdim edir: "Bəzən dövlət qurumları özləri müraciət edərək bu məzunlar barədə məlumat əldə edirlər. Xaricdə təhsil alan bir məzuna təklif edilən iş, əmək haqqı onu qane etmirsə, digər iş yerlərinə müraciət edə bilər”.

Xəbər lenti