Xəzər Xəbər

Hökumətin qadınlarla bağlı planı açıqlandı

Gündəm | 12:33 • 15 Noyabr 2018
Hökumətin qadınlarla bağlı planı açıqlandı
"Azərbaycan hökuməti qadınların kiçik və orta sahibkarlığın məşğul olma səviyyəsinin artırılması, onları stimullaşdırılmaq üçün proqramlar həyata keçirir”.


XəzərXəbər xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov "Üfüqdə yeni fürsətlər: qadın sahibkarlara yaşıl işıq" adlı konfransda çıxışı zamanı deyib. O bildirib ki, qadınlarımız ailə həyatının qayğısının böyük hissəsini öz üzərlərinə götürdüklərindən onların kiçik və orta sahibkarlıqla məşğul olması imkanları bir-birini tamamlamır.

"Hökumətin diqqət mərkəzində saxladığı məsələlərdən biri də odur ki, bütövlükdə ailə sferasında qadın əməyi əhəmiyyətli dərəcədə yüngülləşdirilsin və onların kiçik və orta sahibkarlıqla məşğulluqla, özünüməşgulluqla iştirak etmək imkanları genişləndirilsin. Bu da hökumətin müəyyən etdiyi siyasətin tərkib hissəsidir. Bağçalar şəbəkəsinin genişləndirilməsi, məktəblərdə uzun təhsil saatlarının və qrafiklərinin tərtib edilməsi bir yandan uşaqların tərbiyə olunması məqsədi güdürsə, digər yandan qadın əməyinin yüngülləşdirilməsi məqsədi daşıyır”.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycanda özünəməşğulluğun inkişaf etdirilməsində hökumətin müəyyənləşdirdiyi proqramlarda iştirak etməklə qadınlarımız kiçik istehsal və xidmət göstərmək üçün müəyyən vərdiş və biliklər əldə edəcəklər.

"Azərbaycanda kiçik sahibkarlığın formalarından biri kimi özünəməşğulluq forması tədbiq edilir. Bu da qadınların əmək fəaliyyətinin artırılması üçün əlavə imkan yaradır. Azərbaycan hökuməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə özünəməşğulluq üçün əhəmiyyətli stimullaşdırıcı tədbirlər həyata keçirməyi, o cümlədən maliyyə vəsaiti ayırmağı nəzərdə tutub. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qadınların özünəməşğulluq layihələrini həyata keçirilməsini təmin etməkdə maraqlı olacaqlar”.

Xəbər lenti