Xəzər Xəbər

Vüsal Hüseynov: “Miqrasiya qanunvericiliyimiz təkmilləşdirilib”

Gündəm | 11:05 • 30 Oktyabr 2018
Vüsal Hüseynov: “Miqrasiya qanunvericiliyimiz təkmilləşdirilib”
"Dünyada 260 mindən çox beynəlxalq miqrantın olması problemdir. Bu problemin həlli çoxtərəfli yanaşma tələb edir”.


XəzərXəbər xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov parlamentdə "İnsan alveri və qaçaqmalçılığa çoxsahəli yanaşmalar: Beynəlxalq və milli qanunvericilik və operativ baza” adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, miqrasiyanın əhatəsinin böyük olması müəyyən cinayətkar qruplar üçün qeyri-qanuni yolla gəlir əldə etməyə imkanlar yaradır.

"Qanunsuz miqrant qaçaqmalçılığı anlayışı bu gün dünyada bir reallıqdır. Biz mediada, beynəlxalq tədbirlərdə bununla bağlı müzakirələrin getdiyini izləyirik. Xüsusən, Şimali Afrikadan Avropaya, Asiyadan Avropaya və digər istiqamətlərə olan axınların olmasını görürük. Biz bu sahədə olan prosesləri, tendensiyaları ölkəmizdə də müşahidə edirik və bunun qarşısının alınmasına səylər göstəririk”.

Xidmət rəisi bildirib ki, Azərbaycan bu sahə ilə bağlı bütün beynəlxalq sənədlərə, konvensiyalara qoşulub: "Bu istiqamətdə qanunverciliyin uyğunlaşdırılması demək olar ki, tam yekunlaşıb. Bu gün bizim həm cinayət, həm də miqrasiya qanunvericiliyimiz təkmilləşdirilib. Eyni zamanda ölkə başçısının verdiyi fərman və sərəncamlar da imkan verir ki, insan alverinə qarşı mübarizədə sağlam mühit olsun. Bu gün ölkəmizdə iki əsas qurum bu prosesdə iştirak edir: Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti. Bundan əlavə digər qurumların da bu işdə birgə iştirakı vacibdir”.

V.Hüseynov qeyd edib ki, Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqamətlərindən biri ölkədə olan miqrasiya proseslərinə tənzimləməni həyata keçirməkdir.

"Ölkəmizə məqsədli şəkildə, qeyri-qanuni yollarla miqrasiya axınını təşkil edən cinayətkar qrupların aşkar olunması istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilir. Xoş bir haldır ki, statistik rəqəmlərə baxsaq, ölkəmizdə bu rəqəmlərin miqyası geniş deyil. Ancaq hesab edirəm ki, bu, elə bir məsələdir ki, burada hər hansı bir siqnal böyük təhlükənin xəbərdarlığı ola bilər”.

Xəbər lenti