Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyində şəhid hərbi qulluqçuların ailə üzvlərinə
birdəfəlik ödəmənin verilməsi üçün müraciət qaydaları ilə bağlı mətbuat
konfransı keçirilib. XəzərXəbər-in məlumatına görə, nazir Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin
"Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş
və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş
elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin
yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrasının
tam şəffaf, vətəndaş məmnunluğuna səbəb olacaq şəkildə yerinə
yetirilməsi üçün nazirlikdə yaradılmış komissiya tərəfindən bir sıra
işlər görülüb.
"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü
uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz
itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi
siyahısını, Ədliyyə Nazirliyi
həmin şəhid hərbi qulluqçulardan sığorta ödənişinin verilməsinə dair
qanuni qüvvəyə minmiş məhkəmə aktı olanların siyahısını, Dövlət Sığorta
Kommersiya Şirkəti isə vərəsələrinə sığorta ödənişi verilmiş hərbi
qulluqçuların siyahısını Nazirliyə təqdim edib. Bu siyahılar üzərində
müvafiq dəqiqləşdirmə işləri yekunlaşıb. Fərmana əsasən bu kateqoriyadan
olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində
birdəfəlik ödəmə həyata keçiriləcək.
Qeyd edilib ki, artıq
sabahdan hərbi qulluqçuların ailə üzvləri nazirliyin saytında
(www.mlspp.gov.az) "BİRDƏFƏLİK ÖDƏMƏ” bölməsinə daxil olmaqla hərbi
qulluqçunun soyadı, adı və atasının adını daxil edərək, birdəfəlik
ödəməni almağa hüququnun olub-olmadığını yoxlaya bilərlər.
Axtarışın
nəticəsi olaraq "Hərbi qulluqçunun Azərbaycan Respublikasının Mülki
Məcəlləsinə əsasən müəyyən edilən vərəsəsinin (vərəsələrinin) birdəfəlik
ödəməni almaq hüququ vardır” cümləsi çıxdıqda, həmin vərəsə bəfat etmiş
hərbi qulluqçunun sonuncu yaşayış yeri, bu məlum olmadıqda mirasının
olduğu yer üzrə notariat kontoruna müraciət edir.
Hərbi qulluqçunun vərəqəsi tərəfindən notariat kontoruna bu sənədlər təqim olunur: - hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə;
- hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edildiyi təqdirdə, bu barədə məhkəmə qərarı;
- birdəfəlik ödəmənin verilməsi haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adına ünvanlanan ərizə. Ərizə forması notariat orqanından əldə edilir;
-
bank hesabı nömrəsinə dair arayış. Vərəsənin bank hesabı olmadıqda, o
istənilən bankda öz adına hesab açır və bank hesabı nömrəsinə dair
arayış alır.
Vərəsəliyin müəyyən edilməsi üçün notariat orqanı
tərəfindən əlavə sənədlər də tələb oluna bilər. Məsələn: doğum, nikah,
ölüm haqqında şəhadətnamələr və s.
Hərbi qulluqçunun vərəsəsinin
birdəfəlik ödəməni almağa hüququnun yarandığı təqdirdə, notarius
tərəfindən vərəsəlik şəhadətnaməsi verilir.
Vərəsəlik
şəhadətnaməsi və vərəsənin təqdim etdiyi sənədlərdəki məlumatlar
notarius tərəfindən elektron qaydada 3 iş günü müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Elektron İnformasiya Sisteminə ötürülür.
Məlumat
sistemə daxil olduqdan sonra müraciətlərin daxilolma ardıcıllığına
uyğun olaraq, onların daxiloma tarixini və reyestr nömrəsini əks etdirən
bildiriş vərəsələrin ərizədə qeyd etdiyi əlaqə nömrələrindən birinə
göndərilir. Birdəfəlik ödəmənin verilməsi üçün tələb olunan maliyyə
vəsaitinin ayrılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Maliyyə Nazirliyinə müraciət olunur.
Tələb olunan maliyyə vəsaiti ayrıldıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
tərəfindən müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq,
birdəfəlik ödəmə vərəsənin bank hesabına köçürülür. Bu barədə vərəsənin
ərizədə göstərilən əlaqə nömrələrindən birinə bildiriş göndərilir.
Əgər
hərbi qulluqçunun vərəsələri daimi əsaslarla ölkə hüdudlarından kənarda
yaşayırlarsa, onlar tələb olunan sənədlərlə birlikdə Azərbaycan
Respublikasının həmin ölkədəki diplomatik nümayəndəlik və konsulluğuna
müraciət edirlər.
Əmək və əhalinin sosial müdafiəsi naziri S.Babayev qeyd edib ki, cənab Prezidentin
Fərmanı Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş hərbi
qulluqçuların ailə üzvlərinin sosial müdafiəsini yaxşılaşdırmaqla
yanaşı, ölkəmizdə gənclərin vətənpərvərlik hissinin güclənməsinə təkan
verir. Fərman nazirlik tərəfindən tam şəffaf, məmur təması olmadan,
növbəlilik prinsipi ilə icra olunacaq.