Xəzər Xəbər

Şeyxülislam Qazaxıstana səfər edəcək

Gündəm | 14:20 • 8 Oktyabr 2018
Şeyxülislam Qazaxıstana səfər edəcək
O, "Dünya və ənənəvi dini liderlərin” VI Qurultayında iştirak edəcək.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 9-da Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinə səfər edəcək.

Səfərdə məqsəd Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin himayəsi ilə 10-11 oktyabr tarixlərində Astanada keçiriləcək "Dünya və ənənəvi dini liderlərin” VI Qurultayında iştirak etməkdir.

15 illik tarixə malik Qurultayda bir sıra ölkələrin dövlət başçıları, dünya və ənənəvi dinlərin liderləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli siyasət, elm və ictimaiyyət xadimlərinin iştirakı nəzərdə tutulur. Qurultayın budəfəki mövzusu "Dini liderlər təhlükəsiz dünya uğrunda”dır.

Qurultayda "Manifest" Sülh. XXI əsr: qlobal təhlükəsizliyin konsepsiyası", "Geosiyasətdə dəyişən dinlər: bəşəriyyətin birləşməsi üçün yeni imkanlar", "Din və qloballaşma: çağırışlar və cavablar", "Dini liderlər və siyasətçilər: ekstremizmin və terrorizmin aradan qaldırılması" kimi tematik istiqamətlərdə plenar iclaslar keçiriləcək.

Əvvəlki Qurultayların da iştirakçısı olmuş QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri və MDB müsəlmanları Məşvərət Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadə "Dünya və ənənəvi dini liderləri”nin VI Qurultayında məruzə ilə çıxış edəcək. Şeyxülislam A. Paşazadənin Astanada bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulur.

Xəbər lenti