Hesablama Palatasının
kollegiyası 2017-ci il yanvarın 1-dən bu il iyulun 1-dək olan dövrdə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial
Müdafiə Fondunun Zaqatala rayon şöbəsi üzrə gəlir və xərclərin, həmçinin
şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələrini
təsdiqləyib.
Palatadan XəzərXəbər-ə verilən xəbərə görə, dövlət büdcəsinin vəsaitləri hesabına sosial
müavinətlərin və təqaüdlərin ödənilməsinə 2017-ci ildə 4 829 633,2
manat, 2018-ci ilin I yarısında isə 2 716 298,96 manat olmaqla
ümumilikdə 7 545 932,16 manat, ünvanlı dövlət sosial yardımının (ÜSY)
ödənilməsi üzrə 2017-ci ildə 2274587,73 manat, 2018-ci ilin I yarısında
isə 44 256,95 manat olmaqla cəmi 2318844,68 manat vəsait sərf edilib.
Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet səhifəsində ÜSY alanların siyahısı üzrə məlumatlara əsasən Zaqatala rayonu üzrə VEMTAS vasitəsilə təyinat aparılan 508 ailəyə ÜSY ödənilir.
Vahid
Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) ilə ÜSY təyinatının
araşdırılması məqsədilə təşkil edilən monitorinqlər zamanı ailə tərkibi
haqqında düzgün məlumat verilməməsi, pay torpağından və yardımçı
təsərrüfatdan gəlirlərin nəzərə alınmaması, ailənin istifadəsində
avtomobilin olmasının VEMTAS tərəfindən aşkar edilməməsi kimi nöqsanlara
rast gəlinib.
Məcburi dövlət sosial sığorta haqları hesabına
gəlirlərin proqnozlaşdırılması və icrası vəziyyəti araşdırılarkən
müəyyən edilib ki, 2017-ci ildə Fond tərəfindən 4389300,0 manat həcmində
təsdiq edilmiş proqnoz 89,5% icra edilərək 3926925,19 manat vəsait
yığılmışdır. Həmin vəsaitin 2384463,12 manatı və ya 60,7%-i büdcə,
1542462,07 manatı və ya 39,3%-i qeyri-büdcə sektorundan daxil olmuş,
həmin sektorlar üzrə icra səviyyəsi, müvafiq olaraq, 82,4% və 103,1%
təşkil etmişdir.
2018-ci ilin 6 ayı üzrə 2 081 800,0 manat
məbləğində proqnoza qarşı 2 033 982,87 manat vəsait yığılıb, təsdiq
olunmuş proqnoz 97,7% icra edilib. Həmin vəsaitin 1 242 603,96 manatını
və ya 61,1%-ini büdcə sektorundan, 791 378,91 manatını və ya 38,9%-ini
isə qeyri-büdcə sektorundan daxilolmalar təşkil edib, büdcə sektoru üzrə
1 226 900,0 manat məbləğində təsdiq edilmiş proqnoz 101,3%, qeyri-büdcə
sektoru üzrə 854 900,0 manat məbləğində təsdiq edilmiş proqnoz 92,6%
icra edilib.
Audit nəticəsində hüquqi şəxslər və fiziki şəxslər
üzrə məcburi dövlət sosial sığorta haqlarının az hesablanması, bir sıra
hallarda fiziki şəxslərlə hesablaşmaların onların fəaliyyət növü və
yerinə uyğun aparılmaması və ya ümumiyyətlə aparılmaması kimi nöqsanlara
rast gəlinib, debitor borcların aradan qaldırılması istiqamətində Şöbə
tərəfindən qanunvericiliklə müəyyən edilmiş bütün vasitələrdən tam
istifadə edilməyib, qaldırılmış iddia məbləğinin təmin olunmasından
sonra da vəsaitlərin tam ödənilməsi təmin edilməmiş, ödənilmiş
vəsaitlərin vətəndaşların fərdi hesablarına işlənilməsində nöqsanlar
olub, sanatoriya-kurort yollayışlarının satılması fəaliyyəti üzərində
qanunvericiliklə müəyyən edilmiş nəzarət tədbirləri həyata keçirilməyib.
Audit olunan dövrdə yeni pensiya təyinatlarının 263 ədədi (29,2%-i) üzrə sığorta stajına dair hüquqi fakt Zaqatala rayon məhkəməsi tərəfindən müəyyən olunub, 23 pensiya işi üzrə (2,6%-i) pensiya təyinatı öhdəliyi Şəki İnzibati-İqtisad Məhkəməsi tərəfindən Şöbəyə həvalə olunub.
Audit
nəticəsində pensiya təyinatı və ödənişi sahəsində vətəndaşların sosial
sığorta stajlarının düzgün nəzərə alınmaması, pensiyanın sığorta
hissəsinin düzgün hesablanmaması, pensiyanın onu almaq hüququ olan ailə
üzvlərinə düşən hissəsinin və pensiyaya əlavələrin düzgün
hesablanmaması, işləyən əlil pensiyaçılara pensiyanın tam məbləğdə
ödənilməsi kimi nöqsanlara yol verildiyi aşkar olunub.
Təqdim
edilən sənədlərə əsasən şöbədə keçirilən satınalma prosedurları zamanı
bir sıra hallarda müvafiq qanunvericiliyin tələblərinə əməl edilməyib,
satınalma üzrə müvafiq mətbuat orqanlarında elan və məlumat
yerləşdirilməsi işi zəruri qaydada aparılmayıb, işlərin sənədləşdirilmiş
icra göstəriciləri ilə faktiki icra göstəriciləri arasında fərqlər
olub.
Hesablama Palatasının kollegiyası auditin nəticələrini
müzakirə edərək qərar qəbul edib, müəyyən edilmiş nöqsanların qısa
müddət ərzində aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli
şəxslərə dair qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri
tədbirlərin görülməsi və görülmüş bütün tədbirlər barədə Hesablama
Palatasına məlumat verilməsi məqsədilə Nazirliyə və Şöbəyə kollegiya
qərarının surəti, Maliyyə Nazirliyinə
və Baş Prokurorluğuna müvafiq satınalma prosedurları üzrə auditin
nəticələrinə dair aktdan çıxarış və müvafiq təsdiqedici sənədlərin
surətləri göndərilib.
Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.