Hesablama Palatasının
kollegiyası 2016-2017-ci illərdə "Bakı Metropoliteni” QSC-nin
maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə Hesabatı
müzakirə edərək təsdiq edib.
XəzərXəbər Palataya istinadən xəbər verir ki, audit Cəmiyyətin idarə aparatında və
seçmə qaydada tabeli idarələrində həyata keçirilib və ümumilikdə 561
153,7 min manat məbləğində vəsaiti əhatə edib.
Cəmiyyət
tərəfindən 2017-ci il üzrə dövlət büdcəsi vəsaitlərinə proqnoz təqdim
edilərkən əsas fəaliyyəti üzrə daşınan sərnişinlərin sayındakı artımın
gəlirlərə və dəyişən xərclərə təsiri nəzərə alınmayıb, büdcə xərclərinin
təsnifatının tələblərinə uyğun olmayaraq Cəmiyyətin fəaliyyətində
yaranmış zərərin ödənilməsi üçün dövlət büdcəsindən subsidiya şəklində
ayrılmalı olan vəsaitlər başqa paraqraflarda nəzərdə tutulub.
Cəmiyyətin
istismar və investisiya xərcləri üzrə bir sıra müqavilələrin
bağlanılması və icrası prosesində uyğunsuzluqlara yol verilib, 4 halda
müqavilə üzrə bank zəmanətlərinə əsasən 2016-cı ildə vəsaitlərin
köçürülməsinə baxmayaraq müvafiq mallar idxal edilməyib və debitor
borcların bağlanılması istiqamətində zəruri tədbirlər görülməyib, bir
halda kreditor borc tanınmadan ödənilib, Vergi Məcəlləsinə uyğun
olmayaraq bir neçə halda ƏDV məbləği artıq əvəzləşdirilib, 2017-ci ildə
qara və əlvan metalın satışı ilə bağlı faktiki dövriyyə məbləğinin vergi
orqanına təqdim edilən ƏDV bəyannamələrində azaldılması hesabına
büdcəyə ödənilməli ƏDV məbləği büdcəyə köçürülməyib, stansiyaların
ərazisində dövlət əmlakından istifadəyə görə icarə haqqının hesablanılıb
alınması üzrə Cəmiyyət tərəfindən müvafiq icra hakimiyyəti orqanı
qarşısında məsələ qaldırılmayıb, 2016-cı ilin yekunları üzrə mənfəət
vergisi bəyannaməsində gəlirdən çıxılan xərclərinin tərkibində enerji
xərcləri düzgün göstərilməəyib, bəzi xərclər gəlirdən çıxılan xərclərə
daxil edilib, maya dəyərinin artırılması hallarına yol verilib, balans
zərəri artırılıb, daxili audit xidməti formalaşdırılmayıb.
Audit
dövründə dövlət satınalmaları keçirilərkən müvafiq bildirişlər dərc
edilməyib, müqavilə haqqında məlumatlar rəsmi internet saytında
yerləşdirilməyib, kotirovka sorğusu prosedurları keçirilərkən müvafiq
Təlimatın tələblərinə əməl olunmayaraq şərtlər toplusu təsdiq edilməyib,
potensial imkanı olan malgöndərənlərin siyahısı tərtib edilməyib,
mallar (işlər və xidmətlər) satın alınarkən satınalma metodundan
istifadə edilmədən müqavilələr bağlanılıb və icraçılardan satınalma
müqaviləsinin yerinə yetirilməsinin təminatı alınmayıb, keçirilmiş
kotirovka sorğuları üzrə yekun protokolların surətləri müvafiq icra
hakimiyyəti orqanına təqdim olunmayıb, satınalma prosedurlarına dair
sənədlər toplusu tam hazırlanmayıb, iddiaçılar tərəfindən ixtisas
göstəricilərinə dair sənədlər tam təqdim olunmayıb və müqavilənin yerinə
yetirilməsi təminatı alınmayıb.
Təmiri və tikintisi həyata
keçirilmiş obyektlərin bütövlükdə layihə-smeta sənədləri ekspertiza
olunması üçün aidiyyəti üzrə vaxtında təqdim edilməyib və müvafiq rəylər
tam alınmamış, "Bakı
Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət
Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş
24 tədbirdən 19 tədbir üzrə işlər başa çatdırılmayıb, "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nin həyata keçirilməsi məqsədilə "Bakı
Metropoliteninin 2016-2020-ci illərdə inkişafına dair Dövlət
Proqramı”nın layihəsinin aidiyyəti dövlət orqanları ilə
razılaşdırılmaqla təsdiq edilməsi təmin edilməyib.
Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək Qərar qəbul edib, "Bakı
Metropoliteni” QSC-də yol verilmiş nöqsanların aradan qaldırılması,o
cümlədən Metropolitenə məxsus dövlət əmlakından istifadənin
səmərəliliyini artırmaqla əlavə gəlirlərin əldə olunması imkanlarından
tam istifadə edilməsi, Cəmiyyətin istismar fəaliyyəti üzrə əmək haqqı və
əmək haqqına bərabər tutulan ödəmələrin Əmək Məcəlləsinin və bu sahəni
tənzimləyən digər qanunvericilik aktlarının tələbləri əsasında
hesablanılıb ödənilməsi, Metropolitenin fəaliyyəti, o cümlədən istismar
və tikinti sahələri üzrə fəaliyyətin təkmilləşdirilməsi, xərclərin
optimallaşdırılması, nəticəliliyinin artırılması, xüsusilə
sərnişindaşıma xidmətinin keyfiyyətinin, eləcə də təhlükəsizlik
səviyyəsinin yüksəldilməsi, elektrik enerjisi ilə fasiləsiz və davamlı
təchizatın təmin edilməsi, səmərəsiz xərclərin qarşısının alınması,
eləcə də nöqsanlara yol vermiş vəzifəli şəxslər üzrə qanunvericiliklə
müəyyən olunmuş qaydada zəruri tədbirlərin görülməsi ilə bağlı
tapşırıqlar verilmiş, Qərarın surəti müvafiq qaydada icra edilməsi üçün "Bakı Metropoliteni” QSC-yə göndərilib. Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.