Milli Məclisin payız
sessiyasının bu gün keçirilən ilk plenar iclasında İnzibati Xətalar
Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. XəzərXəbər xəbər verir ki, Məcəlləyə yeni - 516-1 (Qəbiristanlıqların idarə
olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddəsi əlavə
olunub. Maddəyə əsasən, dəfn barədə məlumatın dəfnlərin vahid
reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə
vəzifəli şəxslər 100 manatdan 300 manatadək məbləğdə cərimə edilirlər.
Qəbiristanlıqların
qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı
sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslər 20
manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 1000
manatadək məbləğdə cərimə olunacaqlar.
Bundan başqa, qəbir
yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən
ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə 500 manatdan 1000
manatadək məbləğdə cərimə tətbiq ediləcək. Layihə səsverməyə çıxarılaraq
qəbul olunub.