Xəzər Xəbər

Yaxın saatlarda küləyin sürəti artacaq - 28 metr/saniyə

Gündəm | 12:44 • 5 Oktyabr 2018
Yaxın saatlarda küləyin sürəti artacaq - 28 metr/saniyə

"Əvvəldən xəbər verildiyi kimi respublika ərazisində səhər saatlarından şimal-qərb küləyinin güclənməsi müşahidə edilir. Belə hava şəraiti gün ərzində davam edəcək”.

Bu sözləri Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, oktyabrın 6-sı səhər saatlarından başlayaraq küləyin tədricən mülayimləşəcəyi, şimal-şərq küləyi ilə əvəz olunacağı gözlənilir.

"Hazırda Tərtər, Bərdə, Neftçala, Ağstafa kimi rayonlarda güclü külək əsir. Küləyin sürəti 20-25 metr/saniyə təşkil edir. Bakıda hazırda güclü şimal-qərb küləyi əsir və bu külək gün ərzində müşahidə ediləcək. Bakıda küləyin sürətinin 15-20, arabir 23-28 metr/saniyə təşkil etməsi gözlənilir, yarımadanın bəzi yerlərində küləyin sürəti 33 metr/saniyəyə yüksələcək. Bu hava şəraiti şimaldan hərəkət edən soyuq hava kütləsinin təsiri nəticəsində müşahidə edilir”.

G.Məmmədova bildirib ki, həftə sonu hava şəraitinin nisbətən mülayimləşəcək:

"Hazırda müşahidə edilən hava şəraiti sabah günorta saatlarından mülayim şimal-şərq küləyi ilə əvəz ediləcək. Oktyabrın 7-8-də hava nisbətən mülayim keçəcək. Oktyabrın 7-dək bölgələrdə yağmurlu hava şəraiti müşahidə ediləcək. Ayın 8-dən etibarən həm Bakı, həm də regionlarda hava şəraiti mülayim keçəcək, cənub-şərq küləyi əsəcək”.


Xəbər lenti