Xəzər Xəbər

XİN BƏƏ vətəndaşını "qara siyahı"dan çıxardı

Gündəm | 10:24 • 4 Oktyabr 2018
XİN BƏƏ vətəndaşını "qara siyahı"dan çıxardı
Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı, İbrahim Ahmed Mohammed Abdalla Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.


Bu barədə XəzərXəbər-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Məktubunda İbrahim Ahmed Mohammed Abdalla 2017-ci ildə Dağlıq Qarabağa səfər etdiyini bildirib və səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını ifadə edib. O, bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.

İbrahim Ahmed Mohammed Abdalla Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.

Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, İbrahim Ahmed Mohammed Abdalla Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin heç bir halda bu bölgədə yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini ifadə edib.

Həmçinin o, gələcəkdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini vurğulayıb. İbrahim Ahmed Mohammed Abdalla gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib.

Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Xəbər lenti