Nazirlər Kabineti
"Viza blankının doldurulması Qaydası”nın, "Viza almaq üçün
ərizə-anket”in nümunəsinin və "Azərbaycan Respublikasına əcnəbini və ya
vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti”nin nümunəsinin
təsdiq edilməsi haqqında qərarlarında dəyişikliklər edib. XəzərXəbər xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb.
Qanuna görə, Dövlət Miqrasiya Xidməti
bundan sonra Azərbaycan Respublikasında 10 gün deyil, 15 gündən artıq
müvəqqəti olan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer
üzrə qeydiyyata alınması üçün müraciət və sənədləri qəbul edəcək.
Bundan
əlavə, viza almaq üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin
təmsil etdiyi ölkənin və ya beynəlxalq təşkilatın rəsmi notası və ya
Azərbaycan Respublikasının müvafiq qurumlarının vəsatəti deyil, əcnəbini
və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti tələb
olunacaq. Bu sənəd tranzit və turizm vizalarına şamil olunmur.
Həmçinin
Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi
dəvət edən tərəf qeyri-dövlət təşkilatı olduğu halda, həmin qurumun
dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti, dəvətin səbəbini
təsdiq edən sənəd tələb olunacaq. Tranzit, turizm, rəsmi və şəxsi səfər
vizaları üçün bu sənəd tələb olunmur.