Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində
məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi oktyabrın 15-dək
uzadılıb.
İdarədən XəzərXəbər-ə verilən məlumata görə, üzrlü səbəbdən (fövqəladə hal, uşağın və ya
valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi)
övladını qeydiyyatdan keçirə bilməyən valideynlər bu müddət ərzində
www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə qeydiyyatdan keçə
bilərlər.
Elektron ərizəsi qeydiyyata alınan şəxslərin
məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə oktyabrın 16-dək
(həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) davam
edəcək.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında
məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar
psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil
mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət
bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.
Məktəbəhazırlıq
qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi
şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması,
informasiya texnologiyalarından istifadə vərdişlərinin artırılması
baxımından olduqca əhəmiyyətlidir.
Məktəbəhazırlıq qrupları üçün
tələb olunan sənədlərə uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və
surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda, doğum haqqında
şəhadətnaməsi), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma
26U), 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və məktəb direktorunun
adına ərizə (qəbulu elektron sistem vasitəsilə həyata keçirilən rayon və
şəhərlərdə valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az
saytında yaradılmış "Şəxsi Kabinet”indən çap olunmuş "Ərizə” daxildir.
Azərbaycanda vətəndaşlığı olmayanlardan isə əlavə olaraq müvəqqəti və ya
daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), Birləşmiş
Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının
Himayə Sənədi, xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə
tərcümə olunmuş variantda) tələb olunur.
Dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar.
Xatırladaq
ki, Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı
bütün 5 yaşlıların 24 faizini əhatə etdiyi halda, 2016-2017-ci dərs
ilində 55, 2017-2018-ci tədris ilində 65, 2018-2019-cu dərs ilində 75
faiz həddində 5 yaşlı uşağın məktəbəhazırlıq qruplarındakı məşğələlərə
cəlb olunması üçün imkan yaradılıb. 2019-2020-ci tədris ilində isə bu
göstəricinin 90 faizə çatdırılması nəzərdə tutulur.