Sentyabrın 22-də
Dövlət Gömrük Komitəsində "Gömrük orqanlarında həyata keçirilən
islahatların 1-ci mərhələsinin yekunları"na dair müşavirə keçirilib.
Komitədən XəzərXəbər-ə verilən məlumata görə, müşavirədə Dövlət Gömrük Komitəsinin
sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə
sədrinin müavinləri, Baş İdarə rəisləri, ərazi və ixtisaslaşmış gömrük
idarələrinin rəhbərləri və əməkdaşları iştirak edib.
Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, ümummilli lider Heydər Əliyevin
yüksək idarəçilik qabiliyyəti sayəsində formalaşan gömrük xidməti qısa
zaman kəsiyində ölkəmizin iqtisadi təhlükəsizliyini təmin edən, fiskal
siyasətin həyata keçirilməsində mühüm rol oynayan önəmli dövlət
təsisatlarından birinə çevrilib. Ulu öndərin uzaqgörən siyasətinin
davamçısı Prezident İlham Əliyev
tərəfindən dövlət idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə həyata
keçirilən islahatların gömrük işinin təşkilinin müasir standartlar
səviyyəsində qurulmasına, gömrük xidmətinin dinamik inkişafına və
Azərbaycan gömrüyünün beynəlxalq arenada etibarlı yer tutmasına şərait
yaratdığını diqqətə çatdıran Səfər Mehdiyev gömrük sistemində aparılan
son islahatların da bu siyasətin davamı olduğunu vurğulayıb.
Səfər Mehdiyev bildirib ki, Prezident İlham Əliyevin
gömrük orqanları qarşısında qoyduğu tapşırıqlar şəffaflığın tam təmin
olunması, korrupsiya və rüşvətin tamamilə aradan qaldırılması,
sahibkarlııq mühitinin daha da yaxşılaşdırılması, vətəndaş məmnunluğunun
təmin edilməsi, beynəlxalq ticarətin sadə və asan şəkildə
reallaşdırılması üçün bütün tədbirlərin həyata keçirilməsindən
ibarətdir. DGK sədri vurğulayıb ki, gömrük sistemindəki islahatların
məqsədi də qarşıya qoyulan tapşırıqların sürətli və səmərəli şəkildə
həyata keçirilməsini təmin etməkdir. Bu məqsədlə istər gömrük
orqanlarının maddi-texniki bazasının yaxşılaşdırılması, istər
əməkdaşların sosial problemlərinin həlli istiqamətində zəruri addımlar
atılıb və gömrük sistemi hərtərəfli dövlət dəstəyi ilə təmin olunub.
Aparılan
struktur islahatları nəticəsində artıq respublikamızın gömrük
sistemində beynəlxalq təcrübədə özünü doğruldan ən müasir modelin tətbiq
edildiyini bildirən Səfər Mehdiyev bununla da təkrarçılığın aradan
qaldırılacağına, əməkdaşların məhsuldarlıq səviyyəsinin artacağına,
vətəndaş-məmur təmasının minimuma endiriləcəyinə, xidmət səviyyəsinin və
vətəndaş məmnuniyyətinin yüksələcəyinə əminliyini ifadə edib.
Komitə
sədri bütün gömrük əməkdaşlarına verilən tapşırıqları vicdanla yerinə
yetirməyi, vətəndaşlara qarşı nəzakətli davranmağı, onların problem və
şikayətlərini səbrlə dinləyib operativ şəkildə həllinə nail olmağı
tövsiyə edib.
Daha sonra tədbirdə çıxış edən komitə sədrinin
müavinləri, Baş İdarə rəisləri və digər gömrük əməkdaşları həyata
keçirilən islahatların məqsədi, gedişi və səmərəliliyi barədə məlumat
verib, təklif və tövsiyələrini dilə gətiriblər.