24 sentyabr tarixindən
etibarən paytaxt Bakıda 45 ölkədən 220 qonağın iştirakı ilə Xüsusi
Olimpiya Hərəkatı Gənc liderlərin 20-ci Qlobal Forumu öz işinə
başlayacaq.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, 120-si əqli və fiziki imkanları məhdud, 100-ü
isə gənc lider olmaqla keçiriləcək forum 27 sentyabr tarixinədək davam
edəcək.
Forum, Xüsusi Olimpiya Hərəkatının 50 illik yubileyi
çərçivəsində keçirilir. Forumun proqramına əsasən FİFA Dünya Kubokunun
ikiqat sahibi Kafu, voleybol üzrə Olimpiya çempionu Vladimir Qribiç,
idman gimnastikası çoxnövçülük üzrə Olimpiya çempionu Nadia Komaneçi və
digər məşhur idmançılar tədbirə qatılacaqlar. Futbolçu Kafu, eyni
zamanda, Xüsusi Olimpiya Hərəkatının dünya üzrə yeni səfiri olaraq
ictimaiyyətə təqdim ediləcək.
Bir neçə gün davam edəcək iclasın
proqramına əsasən gənc liderlər əqli və fiziki imkanları məhdud
gənclərin elm, təhsil, idman sahələri vasitəsi ilə bir çox layihələrdə
aktiv iştirakını, vahid idmanın gücü- inklyuziv hərəkatın daha da
genişləndirilməsini, əqli və fiziki imkanları məhdud insanların biznes
bacarıqlarının inkişafını və digər, mühüm əhəmiyyət kəsb edən mövzuları
müzakirə edəcəklər.
Məlumat üçün qeyd edək ki, Azərbaycan 25
ildir ki, Xüsusi Olimpiya Hərəkatının üzvüdür. 1990-cı ildə əsası
qoyulan Azərbaycan Xüsusi Olimpiya Hərəkatının bu gün müxtəlif yarışlara
qatılan 5000-ə yaxın idmançısı var.