Təhsil Nazirliyinin
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi təhsildə müasir
texnologiyaların tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması
və informasiya-kommunikasiya texnologiyalarının tədris prosesində geniş
istifadəsinin təmin olunması məqsədilə müxtəlif layihələr və tədbirlər
həyata keçirir.
Təhsil Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, sifarişə əsasən, 5 ümumi təhsil müəssisəsi "Lego
Education Mindstorms EV3” təhsil robotları ilə təmin olunub və 15 ümumi
təhsil müəssisəsinə də avadanlıqların paylanılmasına başlanılıb.
Ümumi
təhsil müəssisələrinin informatika otaqlarına xüsusi olaraq "Lego
Education" təhsil həllərinə uyğun tərtibat verilir, otaqlar avadanlıqlar
üçün mebellərlə təchiz olunur. Məktəb müəllimləri xüsusi sertifikatı
olan xarici mütəxəssislər tərəfindən keçirilən təlimlərdə iştirak edir,
robotların proqramlaşdırılması, təhsildə tətbiqi və inteqrasiyası barədə
biliklərə yiyələnirlər.
Təmin olunan robot dəstləri robotun
"beyni” hesab olunan və proqramlaşdırıla bilən "Brick” kontroller çipi,
Lego konstruktorlar və xüsusi blok əsaslı proqram təminatı hissələrindən
ibarətdir. Şagirdlər konstruktor hissələrdən istifadə edərək onlara
lazım olan modelləri hazırlayır və modelin hərəkətə gəlib verilən
tapşırıqları yerinə yetirməsi üçün "Brick” çipini proqramlaşdırırlar.
"Midstorms EV3” əsas dəstdən başqa, daha böyük və müxtəlif fənlər üzrə
spesifik tapşırıqların yerinə yetirilməsi üçün məktəblərə "Expansion”
dəsti də paylanılır.
Cari ildən etibarən fizika və informatika
dərslərində istifadə olunacaq avadanlıq dəstlərinin paylanılması nəzərdə
tutulub. Bununla yanaşı, yeni dərs ilindən etibarən 12 məktəb ibtidai
sinif şagirdləri üçün nəzərdə tutulmuş "Lego Education WeDo 2.0” robot
dəstləri də əldə edəcəklər.