Azərbaycanın müdafiə
naziri general-polkovnik Zakir Həsənov NATO baş katibinin müavini Rouz
Qotemöllerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə XəzərXəbər-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan-NATO əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayan müdafiə naziri qeyd edib ki, Alyansın Cənubi Qafqazda təhlükəsizliyə dair tutduğu prinsipial mövqeyi regional sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb edir.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
Azərbaycanın ərazi bütövlüyü, eləcə də beynəlxalq hüququn normaları və
prinsipləri çərçivəsində həllinə nail olunmasının vacibliyini
vurğulayıb.
NATO-nun
Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dair mövqeyini yüksək
qiymətləndirən general-polkovnik Z.Həsənov Alyansın bundan sonra da bu
istiqamətdə səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.
BMT
Təhlükəsizlik Şurasının "Qadın, Sülh və Təhlükəsizik” üzrə 1325 saylı
Qətnaməsinin müzakirəsi zamanı general-polkovnik Z.Həsənov ölkəmizin də
bu sənəddən irəli gələn tələblərin yerinə yetirilməsində maraqlı
olduğunu qeyd edərək Azərbaycan Ordusunda on mindən artıq qadın xidmət
etdiyini diqqətə çatdırıb. General-polkovnik Z.Həsənov əlavə edib ki,
yaxın zamanlarda müdafiə nazirinin qadın hərbi qulluqçular və mülki
işçilərin problemlərinin həlli üzrə referenti vəzifəsinin təsis edilməsi
nəzərdə tutulur.
Azərbaycanın bu məsələdə mövqeyinin təqdirəlayiq olduğunu qeyd edən xanım R.Qotemöller ölkəmizin NATO-nun
etibarlı tərəfdaşı olduğunu, terrorizmlə mübarizədə iştirakını,
sülhməramlı əməliyyatlar üçün yük daşımalarına, o cümlədən
sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində
beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri yüksək qiymətləndirib və
Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Görüşdə Azərbaycanın NATO
ilə "Sülh naminə tərəfdaşlıq” və digər proqramlar çərçivəsində
əməkdaşlıq məsələləri, həyata keçirilən layihələr, əlaqələrimizin
hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi
aparılıb.