Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir.
Qurumdan XəzərXəbər-ə verilən məlumata görə, əlillərin və sağlamlığı məhdud insanların
cəmiyyətə inteqrasiya edilməsi baxımından ölkəmizdə qanunvericiliyin
təkmilləşdirilməsi, proqramların qəbul edilərək icra olunması
intensivləşib. Məsələyə xüsusi həssaslıqla yanaşan Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
sosial ədalətin təmin edilməsi ilə bağlı iradəsinin və qətiyyətinin
təzahürü olaraq, son illərdə bu istiqamətdə genişmiqyaslı layihələr
həyata keçirilir.
Bu səbəbdən dövlət başçısının tapşırığına
əsasən, əhalinin bütün təbəqələrinin metropolitendən istifadə
imkanlarını genişləndirmək məqsədilə "Bakı
Metropoliteni" QSC tarixinin ən böyük sosial əhəmiyyətli və
genişmiqyaslı layihəsinə start veriləcək. Məqsəd əlillərin və sağlamlığı
məhdud insanların da heç bir məhdudiyyət olmadan metropolitendən
təhlükəsiz və rahat istifadə imkanlarını artırmaq və bunun üçün bütün
müvafiq şəraiti yaratmaqdır.
Məlumdur ki, Bakı
metrosunda xüsusilə əlil arabaları ilə hərəkət etmək çox çətindir.
Məlumat üçün bildirək ki, 2016-cı ildə istifadəyə verilmiş Bənövşəyi
xəttin "Avtovağzal” və "Memar Əcəmi” stansiyalarında fiziki imkanları
məhdud şəxslər üçün liftlər quraşdırılıb. Yaşıl və Qırmızı xətlər üzrə
yerləşən stansiyalarda isə bu cür liftlərin layihələndirilərək inşa
edilməsi mümkün deyil. Bununla belə, görmə qabiliyyəti məhdud insanların
metropolitendən istifadə etməsinə şərait yaradılmasının mümkünlüyü
nəzərə alınaraq, mühüm işlər görülür. Bu xüsusda qeyd oluna bilər ki,
Yaşıl və Qırmızı xətlərin son illərdə təmir edilən stansiyalarında
xüsusi zolaqlar salınmaqla gözdən əlillərin rahat istifadəsinə şərait
yaradılıb və işlər davamlı olaraq aparılır.
Bununla belə sosial
ədalət prinsiplərinin tam təmin edilərək, digər kateqoriyalardan olan
sağlamlığı məhdud, ələlxüsus əlil arabaları ilə hərəkət edən insanların
metropolitendən istifadə edə bilməsi "Bakı Metropoliteni" QSC-də daim gündəlikdə saxlanılan məsələdir. Müvafiq araşdırma və müzakirələrin aparılması məqsədilə "Bakı
Metropoliteni” QSC sədrinin tapşırığına əsasən xüsusi işçi qrup
yaradılıb. Məsələnin texniki həlli baxımından beynəlxalq təcrübə və
dünya texnologiyalarının tətbiqi imkanları öyrənilib. Aparılan
araşdırmalar zamanı əlil arabası ilə hərəkət edən şəxslərin də
metropoliten işçilərinin və xüsusi avadanlıqların köməyi ilə metrodan
istifadə etməsinin mümkünlüyü müəyyən edilib.
Qeyd edək ki,
layihənin həyata keçirilməsi üçün bəzi texniki işlər yerinə yetirilməli,
müvafiq qaydalar işlənib hazırlanmalıdır. Stansiyalarda konstruktiv hər
hansı dəyişiklik nəzərdə tutulmasa da, vaqonlarda (son illərdə alınan
müasir tipli 5 qatar istisna olmaqla) əlil arabalarının yerləşdirilməsi
üçün yerlərin hazırlanması istiqamətində tədbirlərə başlanılıb.
Layihənin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə məsləhətləşmələr aparılır. Layihə qısa zaman ərzində yekunlaşdırılaraq ictimaiyyətin müzakirəsinə çıxarılacaq.