Fransanın "Opinion Internationale” portalında "Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin vaxtıdır” adlı məqalə yayılıb.
Məqalədə Azərbaycanın demokratik institutların və düşüncə tərzinin
mövcud olduğu, davamlı inkişaf edən ölkə olduğu vurğulanır. Azərbaycanda
müxtəlif dini konfessiyaların və millətlərin nümayəndələrinə bərabər
imkanlar yaradıldığı və onların bütün hüquqlardan yararlandığı diqqətə
çatdırılır.
Bildirilir ki, Azərbaycanı daha çox narahat edən Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı beynəlxalq hüquqa riayət edilməməsidir. Beynəlxalq hüquq
Azərbaycanın tərəfindədir, beynəlxalq qətnamələrdə Azərbaycanın tarixi
ərazılərinin işğalı dəfələrlə pislənilib.
Qeyd edilir ki,
yüzilliklər ərzində müxtəlif regionlardan köçürülmələr nəticəsində etnik
disbalansa məruz qalan və məhz buna görə əhalisinin əksəriyyətini
ermənilər təşkil edən Dağlıq Qarabağda Ermənistanın dəstəyi ilə
separatçı rejim fəaliyyət göstərsə də, bu ərazilər beynəlxalq səviyyədə
Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır. BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində və BMT
Baş Assambleyasının 62/243 (2008) saylı qətnaməsində Ermənistanın
işğalçı qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və
qeyd-şərtsiz çıxması tələb edilir. Ancaq bu qətnamələr hələ də tətbiq
edilməyib.
Məqalədə bildirilir ki, Azərbaycanın təkcə Dağlıq Qarabağ regionu deyil, həmçinin onun ətrafındakı 7 rayon da işğala məruz qalıb. İşğal altında olan ərazilərdə etnik təmizləmə aparılıb.
Vurğulanır ki, münaqişənin həlli üçün ATƏT-in Minsk qrupunun
vasitəçiliyi ilə danışıqlar aparılsa da, irəliləyiş yoxdur və
Azərbaycan əraziləri Ermənistan silahlı qüvvələrinin işğalı altında
qalmaqda davam edir. Beynəlxalq hüquq normalarının pozulması regional
təhlükəsizlik və sabitlik üçün təhdid yaradır. Azərbaycanın işğal
olunmuş ərazilərindən didərgin salınmış əhalinin öz doğma evlərinə
qayıtması kimi ayrılmaz hüququ bu müddət ərzində tapdalanır. (AzərTAc)