Bu gün "Xəzər
dənizinin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar
blokunun və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə
işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti
(SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə
imzalanmasından 24 il ötür. XəzərXəbər xəbər verir ki, ümummilli liderin 2001-ci il 16 avqust tarixli
Sərəncamına əsasən hər il sentyabrın 20-si Azərbaycanda "Neftçilər günü”
peşə bayramı kimi qeyd olunur.
Təxminən 400 səhifə həcmində və 4
dildə tərtib olunmuş müqavilə öz tarixi, siyasi və beynəlxalq
əhəmiyyətinə görə "Əsrin müqaviləsi” adını alıb. Müqavilədə dünyanın 8
ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı)
13 ən məşhur neft şirkəti ("Amoco”, BP, "McDermott”, "Unocal”, SOCAR,
"LUKoil”, "Statoil” (indiki "Equinor”), "Exxon”, "Türkiye Petrolleri”,
"Pennzoil”, "Itochu”, "Remco”, "Delta”) iştirak edib. Bununla da,
müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyulub.
Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə
sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını
müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin
mühüm təminatına çevrildi.
1997-ci il noyabrın 7-də "Əsrin müqaviləsi” çərçivəsində "Çıraq” platformasından ilkin neft alındı. Noyabrın 12-də bu münasibətlə platformada ulu öndər Heydər Əliyevin,
layihənin əməliyyatçısı olan BP şirkəti və tərəfdaşlarının
nümayəndələrinin, xarici ölkələrdən gəlmiş qonaqların iştirakı ilə
təntənəli mərasim keçirilib. Bu, Azərbaycanın yeni neft strategiyasının
uğurlarının başlanğıcı idi. Həmin hadisə ilə Azərbaycanın neft
sənayesinin əlaqədar olduğu istehsal obyektlərinin beynəlxalq
standartlara uyğun qurulmasının təməli qoyuldu. Neft hasilatı
Azərbaycanın tarixində ən aşağı səviyyədən – 1997-ci ildəki 9 milyon
tondan 2010-cu ildə 51 milyon tona çatdı. Başqa sözlə, hasilat 5,6 dəfə
artdı.
1996-cı ilin yanvarında Azərbaycan neftinin Bakı-Novorossiysk
marşrutu ilə nəql olunması haqqında Rusiya Federasiyası ilə Azərbaycan
Respublikası arasında hökumətlərarası saziş imzalandı. 1997-ci ilin
oktyabrında həmin xətt istifadəyə verildi. 1998-ci ildə AÇG nefti
fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başladı.
1997-ci ildə neftin Qara dənizə çıxarılması üçün Bakı-Supsa marşrutu ilə nəqli haqqında Azərbaycan və Gürcüstan arasında saziş imzalandı. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi.
Bakı-Supsa və Bakı-Novorossiysk
boru kəmərləri Azərbaycanın getdikcə artan iri neft həcmlərini dünya
bazarına ixrac etmək iqtidarında deyildi. Məhz buna görə də əsas ixrac
neft boru kəmərinin qısa zamanda inşası zərurəti yarandı. Belə olan
təqdirdə ulu öndər Heydər Əliyev Bakı–Tbilisi–Ceyhan
(BTC) əsas ixrac neft boru kəməri ideyasını gündəmə gətirdi.
Respublikamızın həm daxildəki, həm də xaricdəki bədxahları müxtəlif
bəhanələr gətirərək, beynəlxalq ictimai rəydə guya Azərbaycanın
gələcəkdə bu kəmərlə ixrac etmək üçün kifayət qədər nefti olmayacağı
barədə fikir yaratmağa çalışır, bu ideyanı utopiya hesab edirdilər.
Lakin zaman ulu öndər Heydər Əliyevin bu konsepsiyasının tamamilə real, həm də iqtisadi cəhətdən səmərəli olduğunu göstərdi.
2002-ci ildə ümummilli lider Heydər Əliyevin şəxsən iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu. "Əsrin müqaviləsi” ulu öndər Heydər Əliyevin birinci şah əsəri idisə, Bakı-Tbilisi-Ceyhan
neft boru kəməri dahi şəxsiyyətin ikinci şah əsəri oldu. 2006-cı ilin
mayında Azərbaycan nefti BTC kəməri vasitəsilə Ceyhan limanına
çatdırıldı. Hazırda bu kəmərin əhəmiyyəti bütün dünyada birmənalı etiraf
olunur.
Yanvar-avqust ayları ərzində bu kəmər vasitəsilə 22
milyon 288,7 min ton neft ötürülüb. Səkkiz ayda BTC ilə 4 milyon 207,8
min ton tranzit nefti də nəql olunub. Yarım ildə BTC üzrə əməliyyat
xərclərinə təqribən 61 milyon dollar, əsaslı xərclərə isə 13 milyon
dollar sərf edilib. "BTC Ko.”nun səhmdarları belədir: BP (30,1 faiz),
"AzBTC” (25 faiz), "Chevron” (8,9 faiz), "Equinor” (Statoil) (8,71
faiz), TPAO (6,53 faiz), "Eni” (5 faiz), "Total” (5 faiz), "Itochu” (3,4
faiz), "Inpex” (2,5 faiz), "ExxonMobil” (2,5 faiz) və "ONGC (BTC)
Limited” (2,36 faiz).
Ötən il sentyabrın 14-də isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli”
yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft
hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib
olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Sazişi Azərbaycan
Hökumətinin, SOCAR-ın, BP, "Chevron”, "Inpex”, "Statoil”, "ExxonMobil”,
"TP”, "Itochu” və "ONGC Videsh” şirkətlərinin rəsmiləri imzaladılar.
Yeni Sazişin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Çünki "Azəri-Çıraq-Günəşli”
neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Bu Saziş
Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə
imzalanmış saziş də ölkəmizin maraqlarını tam təmin edirdi. Bu dəfə isə
daha da yaxşı şərtlərlə Saziş imzalandı. Bu Sazişin yeni "Əsrin
müqaviləsi” adlandırılması da təsadüfi deyil. Azərbaycanın gələcək
inkişafı, ölkənin maliyyə imkanlarının genişləndirilməsi üçün bu
kontraktın çox böyük əhəmiyyəti var.
Sazişin bir hissəsi olaraq
SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb və
beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikası Dövlət Neft
Fonduna 3,6 milyard dollar bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət
neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi
mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək ki, bu da gələcəkdə yeni
strateji layihələrə başlamağa zəmin yaradacaq. Növbəti 31 il müddətində
AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.
Bu
sazişin ardınca, SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi
üçün əlavə bir hasilat platformasının qiymətləndirilməsi məqsədilə
mühəndis-layihə işlərinin irəli aparılması haqqında razılaşma əldə
olunub. Hazırda AÇG-də tərəfdaşların iştirak payları belədir: BP - 30,37
faiz, "AzACG” (SOCAR) - 25 faiz, "Chevron”- 9,57 faiz, "Inpex” - 9,31
faiz, "Statoil” - 7,27 faiz, "ExxonMobil” - 6,79 faiz, "TP” - 5,73 faiz,
"Itochu” - 3,65 faiz və "ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.
1994-cü ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunmuşdu. Bu gün isə "Azəri-Çıraq-Günəşli”də
hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı var. Lakin bu
hələ son rəqəm deyil. Yataqların ehtiyatının atması ehtimalı var və yeni
Sazişin icrası müddətində bu rəqəm daha da artacaq.
Cari ilin
birinci yarısında AÇG üzrə fəaliyyətlərə təqribən 236 milyon dollar
əməliyyat və 552 milyon dollar isə əsaslı məsrəflər xərclənib. Yarım
ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib,
ümumi hasilat gündəlik orta hesabla 596 min barrel və ya ümumilikdə
təqribən 108 milyon barrel, yəni 15 milyon ton olub. İyun ayının sonunda
AÇG-də ümumilikdə 116 neft hasilat quyusu və 53 qaz və su injektor
quyusu istismarda olub. İki rüb ərzində AÇG-də 6 neft hasilat quyusu və 2
su injektor quyusu qazılıb. Hazırda AÇG-də 8 platforma - 6 hasilat
platforması və 2 texnoloji platforma var. Bu platformalardan neft və qaz
dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal
terminalına nəql olunur.
Birinci yarımildə "BP Azerbaijan” şirkəti "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin də "Neft Daşları”ndakı
qurğu vasitəsilə gündəlik orta hesabla 6 milyon kubmetr, ümumilikdə isə
1,1 milyard kubmetr səmt qazı təhvil verib. AÇG-dən, həmçinin
ümumilikdə 30 milyard kubmetrdən çox səmt qazı Azərbaycan hökumətinə
təhvil verilib.
"Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları hər il mənfəət neftindən gəlir əldə edir. Azərbaycan indiyədək "Azəri-Çıraq-Günəşli” yataqlarından 262 milyon ton mənfəət nefti əldə edib. Mənfəət neftinin həcmi isə ilbəil artır.
Dövlət Neft Fondu 2001-ci ilin əvvəlindən bu il sentyabr ayının 1-dək "Azəri-Çıraq-Günəşli”
neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması
çərçivəsində ümumilikdə 135 milyard 142 milyon dollar gəlir əldə edib.
Bu ilin yanvar-avqust aylarında AÇG layihəsi çərçivəsində Dövlət Neft
Fonduna 6 milyard 656 milyon dollar vəsait daxil olub. O cümlədən bu
ilin ilk səkkiz ayında Neft Fondunun "Şahdəniz” yatağı üzrə kondensatın
satışından əldə olunan gəlirləri 115 milyon dollar təşkil edib.
Cari il yanvarın 29-da isə Neft Fonduna "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli”
yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın
pay bölgüsü haqqında” SOCAR ilə xarici hasilat şirkətləri arasında
imzalanmış yeni sazişə uyğun olaraq 450 milyon dollar həcmində ilk bonus
ödənişi həyata keçirilib. Ötən il isə ölkəmiz üçün 2 milyardıncı ton
Azərbaycan neftinin hasil edilməsi ilə əlamətdar oldu. Milyardıncı ton
Azərbaycan nefti 1971-ci il martın 28-də çıxarılmışdı. Neftin ilk
milyard tonunu hasil etməkdən ötrü Azərbaycan neftçiləri 1 əsrlik yol
keçdilər.