Xəzər Xəbər

Çinin Sinxua agentliyinin nümayəndə heyəti Xəzər Televiziyasının fəaliyyəti ilə tanış olub

Gündəm | 14:06 • 18 Sentyabr 2018
Çinin Sinxua agentliyinin nümayəndə heyəti Xəzər Televiziyasının fəaliyyəti ilə tanış olub

Bakıda səfərdə olan Çinin Sinxua agentliyinin nazir statusunda baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 18-də Xəzər Televiziyasında olub.

Sinxuanın baş redaktoru Hi Pinq və nümayəndə heyətinin üzvləri əvvəlcə Xəzər TV-nin prezidenti Şamxal Həsənli ilə görüşüblər.

Xəzər TV-nin ofisi və studiyaları ilə tanışlıq zamanı çinli qonaqlara məlumat verilib ki, televiziya 2015-ci ildən orijinal memarlıq üslubunda inşa edilmiş 11 mərtəbəli binada fəaliyyətini davam etdirir. Binada ümumi sahəsi 2500 kvadratmetr olan 5 çəkiliş studiyası var. Sahəsi 1000 kvadratmetr olan böyük tok-şou studiyası müasir tərtibatı ilə seçilir. Studiyalar qabaqcıl texnoloji avadanlıqla təchiz olunmuş üç efir studiyası ilə idarə edilir.

Sonra nümayəndə heyəti televiziyanın xəbər departamentinin işi ilə maraqlanıb, "Xəzər Xəbər”in canlı efirinin gedişini izləyiblər. Qonaqlar yayımı HD formatında həyata keçirən televiziya verilişlərinin bütün ölkə ərazisini əhatə etdiyi və peyk vasitəsilə də yayımlandığı barədə məlumatlandırılıblar.

Televiziyanın montaj otaqları ilə də tanışlıq zamanı çinli qonaqlara məlumat verilib ki, "Xəzər Media Mərkəzi”ndə 3 dublyaj və 8 səsyazma studiyası, miksaj və montaj otaqları fəaliyyət göstərir. Burada yerli və xarici filmlərin montajı və dublyajı həyata keçirilir, verilişlər efirə hazırlanır. Eyni zamanda, müasir tamaşaçı tələbatı nəzərə alınaraq televiziyada milli seriallar və filmlər də çəkilir.

Sinxua agentliyinin nümayəndə heyəti Xəzər TV-də yaradılan şəraitdən məmnun qaldıqlarını bildiriblər.

Xəbər lenti