Daxili Qoşunların Ali
Hərbi Məktəbinə bu il qəbul olunan kursantların təntənəli andiçmə
mərasimi keçirilib. Mərasimdə Veteranlar Şurasının üzvləri, kursant
valideynləri iştirak ediblər.
DQ-dan XəzərXəbər-ə verilən xəbərə görə, tədbir Ali Hərbi Məktəbin Döyüş Bayrağının sıra
meydanına gətirilməsi ilə başlayıb. Azərbaycan xalqının Milli Lideri Heydər Əliyevin
və respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş
hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Daxili Qoşunların Nümunəvi-göstərici Hərbi Orkestrinin müşayiəti ilə Dövlət himni ifa olunub.
Ali Hərbi Məktəbin rəisi general-mayor İ.Məmmədov çıxış edərək Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların
Komandanı general-leytenant Şahin Məmmədovun kursantlara andiçmə
münasibətilə təbrik və tövsiyələrini çatdırıb. Daha sonra hərbi andın
mənasını, öz xalqına, Azərbaycan Respublikasına və Azərbaycan hökumətinə
sədaqətlə and içən kursantların üzərinə düşən şərəfli və məsul
vəzifələri, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının müvafiq
maddələrinin tələblərini xatırladıb.
Bildirilib ki, Daxili Qoşunların bütün şəxsi heyəti kimi bu gün sıralarımıza daxil olan kursantlar da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan hər bir tapşırığı layiqincə yerinə yetirəcək, Daxili Qoşunların
sıralarının möhkəmlənməsi üçün səy göstərəcək, dövlət və
dövlətçiliyimizin daha da gücləndirilməsi naminə öz fədakar xidmətlərini
əsirgəməyəcəklər.
Daha sonra Ali Hərbi Məktəbə yeni qəbul olmuş
kursantlar hərbi and içərək, Vətənimiz Azərbaycana və onun xalqına sadiq
olacaqları, dövlətimizin mənafeyini, onun suverenliyini, ərazi
bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqları, bundan ötrü
qanlarını və canlarını əsirgəməyəcəkləri barədə söz veriblər.
Kursantlar
adından çıxış edən Nail Dadaşov müqəddəs bayrağa əl basaraq and
içdiklərini, zabit adına hər zaman layiq olmağa çalışacaqlarını, hərb
işini vicdanla öyrənəcəklərini, hərbi ənənələri şərəflə davam və inkişaf
etdirəcəklərini, üzərilərinə düşən şərəfli və məsul vəzifələri
layiqincə yerinə yetirəcəklərini, onlara olan etimadı hər zaman
doğruldacaqlarını ifadə edib.
Valideynlər adından çıxış edən
Namiq Dadaşov isə bütün kursantları, həmçinin valideynləri təbrik edib,
onları bu müqəddəs və şərəfli yolda hər bir kursanta dəstək olmağa
çağırıb. Kursantlarla yanaşı, hər bir valideynin də Vətənin əsgəri kimi Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin
verdiyi bütün əmr və göstərişləri layiqincə yerinə yetirməyə hazır
olduqlarını nəzərə çatdırıb. Tədbir şəxsi heyətin təntənəli keçidi ilə
başa çatıb.