Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov daha bir səyyar qəbul keçirib. XəzərXəbər xəbər verir ki, bu dəfə şəhərin 1-ci mikrorayon ərazisində yaşayan
sakinlərin şikayət və təklifləri dinlənilib. Ərazidə yaşayan 50-yə yaxın
vətəndaş, "açıq mikrofon” şəraitində keçən qəbulda, öz müraciətini dilə
gətirib. Çoxmərtəbəli binalarda liftlərin təmiri və dam örtüklərinin
yenilənməsi sakinlərin həllini istədikləri ümumi məsələlərdən olub.
Qəbulda
Cavad xan qəsəbəsinin sakinləri də iştirak ediblər. Su, qaz və işıqla
təminatla bağlı müraciət edən vətəndaşlara bildirilib ki, qəsəbədə yaxın
günlərdə yeni transfarmator quraşdırılacaq. Qazlaşdırılmayan ərazilərə
mavi yanacağın çəkilişi isə 2019-cu ilə planlaşdırılır. Bundan başqa
şəhərin Vəli Xuluflu küçəsində sənədsiz evlərin qanuniləşdirilməsi üçün
qeydiyyata alınması istiqamətində göstəriş verilib.
Torpaq sahəsi ilə təminatla bağlı müraciət edən sakinlərin növbəyə götürülmələri Kəpəz
və Nizami Rayon Bələdiyyələrinə tapşırılıb. Səsləndirilən digər bir
sıra problemlər yerindəcə öz həllini tapıb, ehtiyac olanların isə
araşdırılaraq aradan qaldırılması üçün aidiyyatı qurum və şəxslərə
müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, Prezident İlham Əliyevin
tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi
sakinlərin problemlərini öyrənmək və onları həll etməkdir.