Xəzər Xəbər

Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əlaqələr müzakirə edilib

Gündəm | 10:07 • 15 Sentyabr 2018
Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əlaqələr müzakirə edilib

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprakla görüşüb.


DMX-nın mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, görüşdə qurumla BMqT-nin Azərbaycandakı nümayəndəliyi arasında əlaqələrin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.


Vüsal Hüseynov xidmətin beynəlxalq tərəfdaş qurum olan BMqT ilə münasibətlərindən danışıb. Miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, xidmət istifadəçilərinin məmnunluğunun təmin edilməsi istiqamətində görülən işlər, şəffaflığın tam təmin olunması ilə bağlı konkret əməli addımlar barədə söhbət açıb. Xidmət rəisi bu gün ümumdünya kontekstində təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya məsələsinin önəminə diqqət çəkib, humanist və nizamlı miqrasiyanın miqrantlar, habelə cəmiyyətlər üçün əhəmiyyətindən bəhs edib.


Sonra DMX ilə BMqT-nin həyata keçirdiyi birgə layihələr, onların icra vəziyyəti barədə geniş fikir mübadiləsi aparılıb. Hər iki qurumun ümumi maraq kəsb edən məsələlər üzrə əlaqələrinin perspektivlərinə diqqət çəkilib.


BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak ölkəmizdə miqrasiya sahəsində görülən proqressiv işlərin ümumi nəticələrindən, DMX ilə səmərəli əməkdaşlıqdan razılıqlarını ifadə edib.


Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti