Prezident İlham Əliyev "Azərbaycan” qəzetinin kollektivinə təbrik məktubu ünvanlayıb. XəzərXəbər xəbər verir ki, təbrikdə deyilir:
"Sizi "Azərbaycan” qəzetinin 100 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayıram.
Müstəqil
dövlətçilik tariximizdə öz yeri olan, milli mətbuatımızın inkişafına
əvəzsiz töhfələr verən "Azərbaycan” qəzeti 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin
rəsmi orqanı kimi fəaliyyətə başlamışdır. Cəmi iki il işıq üzü görmüş
və birinci respublikanın süqutu ilə fəaliyyətini dayandırmış qəzet nəşr
olunduğu qısa dövr ərzində görkəmli ziyalıların, tanınmış ictimaiyyət
nümayəndələrinin tribunasına çevrilərək, xalqımızın maariflənməsində,
müstəqillik ideallarının gerçəkləşməsində, mədəniyyətinin yüksəlişində,
mənəvi dəyərlərinin qorunmasında önəmli rol oynamışdır.
XX əsrin
sonlarında ölkəmiz yenidən müstəqilliyə qovuşduqdan sonra nəşri bərpa
olunmuş "Azərbaycan” qəzeti öz ənənələrini davam etdirərək, milli dövlət
quruculuğu prosesində fəal iştirakı ilə seçilmişdir. Demokratik
inkişafın tərkib hissəsi kimi söz və məlumat azadlığının təmin edilməsi,
kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün əlverişli
şəraitin yaradılması milli mətbuatımızın, o cümlədən "Azərbaycan”
qəzetinin öz missiyasını daha səmərəli şəkildə yerinə yetirməsinə yeni
imkanklar açmışdır. Qəzet peşəkarlıq, obyektivlik və vətənpərvərlik
prinsiplərinə dönmədən əməl etmiş, ölkəmizin sosial-iqtisadi tərəqqisi,
vətəndaş cəmiyyətinin formalaşması, milli həmrəyliyin möhkəmlənməsi və
digər sahələrdə həyata keçirilən dövlət siyasəti barədə həqiqətlərin
Azərbaycan ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü
fəaliyyət göstərmişdir.
Respublikamızın dinamik inkişaf etdiyi,
cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə, habelə
çoxsaylı informasiya resurslarının fəaliyyəti ilə şərtlənən rəqabət
mühitində mətbuatımız ümummilli məsələlərin həlli, cəmiyyətimizin rifahı
naminə üzərinə düşən vəzifələri daha böyük əzmlə yerinə yetirməyi
bacarmalıdır. Əminəm ki, "Azərbaycan” qəzetinin kollektivi də qarşıdakı
dövrdə bu çətin və şərəfli işin öhdəsindən uğurla gələcək".