Ermənistanın
Azərbaycana qarşı başladığı müharibə 27 ildən artıq davam edir.
Ermənistanda keçirilən "Şant-2018” hərbi komanda-qərargah təlimləri
çərçivəsində Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan
etməsi ssenarisi mövcud faktın, yəni Ermənistanın işğalçı və təcavüzkar
dövlət olmasının növbəti təsdiqi və etirafıdır. Bu, həmçinin,
Ermənistanın yeni siyasi-hərbi rəhbərliyinin malik olduğu arxaik və
feodal düşüncənin göstəricisidir.
Bunu XəzərXəbər açıqlamasında Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycan ATƏT-in
Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin substantiv
danışıqlar yolu ilə həlli istiqamətində konstruktiv addımlar atdığı və
digər qonşu dövlətlərlə birlikdə regionun çiçəklənməsinə xidmət edən
hərtərəfli regional əməkdaşlıq layihələrinin müəllifi qismində çıxış
etdiyi halda, Ermənistanın yeni hakimiyyəti Sarqisyan rejiminin hərbi
diktatura siyasətini davam etdirərək, regionu yeni hərbi avantüralarla
və təhlükələrlə üzbəüz qoyur.
"Beynəlxalq ictimaiyyət sivil dünya
ilə Ermənistan arasında ciddi uçurumun olmasının şahidi olur.
Ermənistana qarşı təsirli beynəlxalq siyasi-diplomatik təzyiqlərin
göstərilməməsi Ermənistanın cəzasızlıq hissini daha da artırır.
Bir
daha bəyan edirik ki, danışıqlar prosesinin pozulmasına, vəziyyətin
gərginləşdirilməsinə və "müharibə oyunları” kimi hərbi avantüralara görə
məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür".