Xəzər Xəbər

Akif Əlizadə: Bakının erməni-bolşevik işğalından azad edilməsi tariximizin ən şanlı səhifələrindəndir

Gündəm | 12:23 • 13 Sentyabr 2018
Akif Əlizadə: Bakının erməni-bolşevik işğalından azad edilməsi tariximizin ən şanlı səhifələrindəndir

Sentyabrın 13-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun və Türkiyənin Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə "Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti - Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu” mövzusunda beynəlxalq simpozium işə başlayıb.


Xezerxeber.az xəbər verir ki, tədbir Prezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və "2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamlarına əsasən təşkil edilib. Simpozium Azərbaycanın Milli Ordusunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını daşnak-bolşevik işğalından azad etmələrinin 100 illiyinə həsr olunub.


Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, alimlər, ictimaiyyətin nümayəndələri iştirak edirlər.


Simpoziumun açılış mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, türk-müsəlman Şərqində ilk parlamentli respublika olan Xalq Cümhuriyyəti dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir. 1918-ci il sentyabrın 15-də Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsi Azərbaycan tarixinin ən şanlı hadisələrindəndir


Sentyabrın 16-dək davam edəcək tədbirdə Azərbaycan, Türkiyə və digər ölkələrdən olan alimlərin məruzələrinin dinlənilməsi nəzərdə tutulub. Həmçinin Azərbaycan tarixçilərinin "Qafqaz İslam Ordusunun formalaşmasında və fəaliyyətində Azərbaycan milli hərbi qüvvələrinin rolu”, "Osmanlı imperiyasının xarici siyasətində İrəvanın ermənilərə verilməsi məsələsi”, "Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin Gəncə dövrü: iyun böhranı”, "Azərbaycan Xalq Cümhuriyyəti dövlət xadimlərinin Bakının azad edilməsində siyasi-diplomatik mübarizəsi”, "Böyük dövlətlərin Bakını ələ keçirmək siyasəti Almaniyanın arxiv sənədlərində”, "Bakı nefti və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyinin tanınması məsələsi” və digər mövzularda məruzələri dinləniləcək.

Xəbər lenti