Xəzər Xəbər

“ASAN Viza”nın 100 yaşlı müraciətçisi "ASAN xidmət"də

Gündəm | 17:42 • 12 Sentyabr 2018
“ASAN Viza”nın 100 yaşlı müraciətçisi "ASAN xidmət"də

Sentyabrın 12-də "ASAN Viza” üçün müraciət edən 100 yaşlı Bolqarıstan əsilli İsrail vətəndaşı Danon Yaakov "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

XəzərXəbər xəbər verir ki, "ASAN Viza” sistemi vasitəsilə əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün elektron vizaların rəsmiləşdirilməsi xidmətindən istifadə edən D.Yaakov ölkəmizə turist kimi gəlib.

Qonağa "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından "ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

D.Yaakov bildirib ki, bu, onun Azərbaycana ilk səfəridir. O qeyd edib ki, əvvəllər Azərbaycan haqqında eşidib, ölkəmizlə maraqlanıb. Jurnalistlərlə təəssüratlarını bölüşən 100 yaşlı turist deyib: "Aldığım məlumatlarda burada insanların çox səmimi, qonaqpərvər və yeməklərin isə dadlı olduğunu öyrəndim. Bura gələndən sonra bu məlumatların doğruluğuna əmin oldum”.

"Azərbaycanda heç bir çətinliyim olmayıb. Ölkəyə daxil olanda sənədləşmə ilə bağlı müəyyən problemim oldu. Lakin bu problem də operativ şəkildə həll edildi. Azərbaycanı çox sevdim”, - deyə Danon Yaakov diqqətə çatdırıb.

Qonaq daha sonra "ASAN xidmət”in fəaliyyəti və "ABAD” sərgi satış mərkəzi ilə tanış olub.

Dövlət Agentliyinin mətbuat katibi Elnur Nifətliyev bildirilib ki, bu günədək 24 milyondan çox vətəndaşın müraciəti qeydə alınıb. "ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülüb. O əlavə edib ki, hava limanlarında əməkdaşlar ölkəmizə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan, ingilis, fransız, ispan, alman, türk, hind, ərəb, fars, ibri, urdu, norveç və rus dillərində xidmət göstərirlər.

"ASAN Viza” özünəxidmət terminalları vasitəsilə hava limanlarında əcnəbilərə vizaların verilməsinə 2018-ci il mayın 15-dən etibarən başlanıldığını deyən E.Niftliyev qeyd edib ki, bu günə kimi "ASAN Viza” vasitəsilə 760 min 700-dən çox viza verilib. Bu vizaların 587 min 500-dən çoxu "ASAN Viza” portalı vasitəsi ilə, 173 min 200-dən çoxu isə hava limanlarında verilib.

Xəbər lenti