Sentyabrın 12-də
Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın
Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi
rəhbərliyinin iştirakı ilə "Gömrük orqanlarında son islahatlar və
nəticələr” mövzusunda mətbuat konfransı keçirilib. XəzərXəbər xəbər verir ki, tədbirdə Dövlət Gömrük Komitəsinin
sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev 2018-ci ilin 8
ayı ərzində görülən işlərlə bağlı hesabat nitqi ilə çıxış edib. Komitə
sədri bildirib ki, ölkəmizin gömrük orqanları öz fəaliyyətində kütləvi
informasiya vasitələri və ictimaiyyətlə əlaqələrə, vətəndaşların gömrük
orqanlarının işi və gömrük sistemində yeniliklər barədə davamlı
məlumatlandırılmasına xüsusi diqqət yetirir.
Səfər Mehdiyev
kütləvi informasiya vasitələri ilə qurulan işgüzar münasibətlərin gömrük
işinin səmərəli şəkildə təşkilinə, mövcud problemlərin dərhal aradan
qaldırılmasına xüsusi töhfə verdiyini diqqətə çatdırıb və media
nümayəndələrinə təşəkkürünü ifadə edib. Əsası ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulan iqtisadi sistemin davamlılığının təmin olunması və
qorunmasında gömrük orqanlarının mühüm rol oynadığını vurğulayan Səfər
Mehdiyev, onu da diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin
uğurla davam etdirdiyi siyasətin nəticəsi olaraq gömrük orqanlarında
islahatların aparılması istiqamətində mühüm işlər görülür.
Bildirilib
ki, gömrük orqanlarında həyata keçirilən islahatlar ölkənin iqtisadi
təhlükəsizliyini təmin etməklə yanaşı, sahibkarlıq mühitinin
yaxşılaşdırılması və biznes mühitinin inkişafına da töhfəsini verir.
Gömrük orqanlarının fəaliyyətinin yeni fəlsəfəsi formalaşdırılır,
sahibkarlıq subyektləri ilə səmərəli dialoq qurulur, şəffaflıq təmin
edilir, gömrük prosedurları sadələşdirilir, qanunvericilik bazası
ardıcıl olaraq təkmilləşdirilir.
Komitə sədri 2018-ci ilin son
4-5 ayı ərzində gömrük-sərhəd keçid məntəqələrinə təşkil edilən
mediaturlar çərçivəsində fiziki şəxslərin sərhəddə keçid tezliyinin
təmin olunması, idxal və ixrac olunan mal və nəqliyyat vasitələrinin
qeydiyyatı, ölkəmizə gələn və ölkədən gedən turistlərin "Yaşıl dəhliz”
və digər keçid zolaqlarından istifadə etməklə gömrük qanunvericiliyinə
əməl olunması proseslərinin əyani şəkildə nümayiş etdirildiyini, bunun
da ictimai nəzarətin nümunəsi olduğunu vurğulayıb.
Daha sonra
struktur və kadr islahatlarının nəticələri üzrə görülən işlər barədə
media nümayəndələrini məlumatlandıran Səfər Mehdiyev bildirib ki,
Komitənin strukturuna daxil olan sərhəd və təyinat gömrük idarələrinin
bazasında 5 Baş İdarə, Komitənin Aparatında yeni Baş İdarələr və
İdarələr yaradılıb.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2018-ci il tarixli Fərmanının müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə Dövlət Gömrük Komitəsinin Gəncə, Tovuz, Balakən, Yevlax gömrük idarələrinin bazasında Qərb Ərazi Baş Gömrük İdarəsi, Astara, Biləsuvar, Şirvan, Xudafərin gömrük idarələrinin bazasında Cənub Ərazi Baş Gömrük İdarəsi, Xaçmaz Gömrük İdarəsinin bazasında Şimal Ərazi Baş Gömrük İdarəsi, Enerji Gömrük İdarəsi və Xəzər
Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi
Gömrük İdarəsinin bazasında Enerji Resursları və Dəniz Nəqliyyatında Baş
Gömrük İdarəsi, Avtonəqliyyat Baş Gömrük İdarəsi və Aksiz Baş Gömrük
İdarəsinin bazısında Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi yaradılıb.
Qeyd
olunub ki, Komitənin Aparatında struktur islahatları aparılmaqla, bir
sıra idarələrin fəaliyyət istiqamətləri yeni çağırışlara uyğun
müəyyənləşdirilib, müasir standartlara cavab verən baş idarələr
yaradılıb. O cümlədən Gömrük Nəzarətinin Təşkili və Ticarətin
Asanlaşdırılması Baş İdarəsi, Əməliyyat-İstintaq Baş İdarəsi, Gömrük
Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsi, Texnoloji
İnnovasiyalar və Statistika Baş İdarəsi, Gömrük Risklərinin İdarə
olunması və Audit Baş İdarəsi, Gömrük Sərhəd Buraxlış Məntəqələrinin
İşinin Təşkili Baş İdarəsi yaradılıb və bu qurumlar yeni əsasnamələrlə
funksiya və vəzifələrinin icrasına başlayıblar.
Eyni zamanda, digər
müstəqil idarələrin də strukturu dəyişdirilərək beynəlxalq standartlara
cavab verən təşkilati struktura malik idarələr formalaşdırılıb.
Komitə sədri onu da vurğulayıb ki, Dövlət Gömrük Komitəsinin strukturlarının Avropa
standartlarına uyğunlaşdırılması, şəxslərə yeni idarəetmə prinsipləri
ilə gömrük xidmətinin göstərilməsi ölkəmizin iqtisadi inkişafına öz
töhfəsini verəcək. Aparılan genişmiqyaslı struktur islahatları, davamlı
olaraq vəzifələrə daha bacarıqlı, mütərəqqi intellektə və biliyə malik
peşəkar kadrların təyinatı idaərəetmənin çevikliyini, eyni zamanda,
hüquqi və fiziki şəxslərlə ünsiyyətdə gömrük xidmətinin operativliyini,
bu xidmətdən yararlananların məmnunluğunu təmin edəcək. Gömrük
nəzarətinin təşkili sahəsində aparılan islahatlar barədə də məlumat
verən Səfər Mehdiyev bu islahatların ilk növbədə biznes subyektlərinin,
əsasən də kiçik və orta sahibkarlığın inkişafı üzrə bir sıra tədbirlərin
görülməsini şərtləndirdiyini diqqətə çatdırıb.
Qeyd
edilib ki, 60-a yaxın iqtisadi operatorla "Yaşıl dəhliz” buraxılış
sistemindən istifadəyə icazələrin verilməsi təmin edilib. Bu buraxılış
sistemi üzərindən həm Türkiyə, Gürcüstan, Ukrayna və İran
ilə bağlanmış sazişlər nəticəsində əldə olunan, həm də əvvəlcədən
elektron formada göndərilən qısa idxal bəyannaməsi vasitəsilə təqdim
olunan məlumatlar əsasında aparılan gömrük nəzarəti və risk
qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük-sərhəd buraxılış
məntəqələrində gömrük qanunvericiliyi ilə müəyyən edilmiş
məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi ilə
malların və nəqliyyat vasitələrinin fiziki yoxlanması aparılmadan gömrük
proseduruna uyğun gömrük ərazisinə buraxılışı həyata keçirilir. Bu da,
öz növbəsində, kiçik və orta sahibkarlıq subyektləri tərəfindən gömrük
nəzarəti və gömrük rəsmiləşdirilməsi prosesinə sərf olunan vaxt və
xərclərin minimuma endirilməsinə şərait yaradır.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin
2 iyun 2017-ci il tarixli Sərəncamına əsasən, Ümumi Tranzit Proseduru
haqqında Konvensiya və Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi
haqqında Konvensiyanın idarəetmə orqanı olan Avropa İttifaqı - Avropa
Azad Ticarət Assosiasiyasının Birgə Komitəsinin 2017-ci ilin dekabr
ayında Norveçin Oslo şəhərində keçirilmiş iclasında Azərbaycan
Respublikasına qeyd olunan konvensiyaların işçi qruplarında qeyri-formal
müşahidəçi statusu verilməsi barədə qərar qəbul olunub.
Yaxın gələcəkdə ölkəmizin sözügedən konvensiyalara qoşulması və Avropa
Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqi respublikamızın
ərazisindən keçən beynəlxalq gömrük tranziti prosedurunda daşınan
malların həcminin artırılmasına səbəb olmaqla, ölkənin tranzit
potensialının inkişaf etdirilməsində mühüm rol oynayacaq, Azərbaycan
Respublikasında istehsal olunan - "MADE IN AZERBAIJAN” brendli malların Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin üzvü olan Avropa qitəsində yerləşən ölkələrin bazarlarına çıxışı və təyinat yerlərinə çatdırılması üçün imkan yaradacaq.
Beynəlxalq
Yük Daşımaları Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları
haqqında Gömrük Konvensiyası ilə tənzimlənən tranzit proseduru
çərçivəsində həyata keçirilən daşımalar zamanı mal və nəqliyyat
vasitələri barədə məlumatların əvvəlcədən elektron qaydada gömrük
orqanlarına təqdim edilməsi məqsədilə TIR-EPD (Electronic Pre-arrival
Declaration) sisteminin tətbiqi üçün müvafiq işlər davam etdirilir.
Dövlət Gömrük Komitəsi
və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) arasında əməkdaşlıq
çərçivəsində BYD daşımaları zamanı ölkə ərazisinə gətirilən mal və
nəqliyyat vasitələri barədə məlumatların öncədən elektron qaydada gömrük
orqanları ilə mübadiləsini nəzərdə tutan TIR-EPD sisteminin tam şəkildə
istifadəyə verilməsi gömrük orqanlarına təqdim edilən məlumatlara uyğun
olaraq risklərin analizinin səmərəli şəkildə həyata keçirilməsi
əsasında BYD daşımalarında iştirak edən nəqliyyat vasitələrinin
sərhəddən daha sürətli və prioritet qaydada keçidi üçün şərait
yaradacaq.
Komitə sədri 2016-cı ildən Avropa
İttifaqının İnteqrəedilmiş Sərhəd İdarəçiliyi üzrə Şərq Tərəfdaşlığı
Paneli çərçivəsində "Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü
sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsinin tətbiqinə
başlanıldığını, layihə üzrə yaxın zamanlarda tikintisi başa çatdırılması
nəzərdə tutulan Ticarətin Asanlaşdırılması Mərkəzinin (Trade
Facilitation Unit) sərhəd-buraxılış məntəqələrində əməliyyat və
prosedurların daha da sürətləndirməsinə yardım edəcəyini, sanitar,
fitosanitar, baytar və gömrük nəzarətinin sərhəd-keçid məntəqsindən
kənarda, terminal ərazisində aparılmasına əlverişli imkanlar
yaradacağını vurğulayıb.
Maliyyə intizamının gücləndirilməsi
sahəsində aparılan islahatlar nəticəsində dövlət büdcəsi qarşısında
illik proqnoz və öhdəliklərin yerinə yetirilməsi işində də mühüm
nailiyyətlər əldə edildiyini bildirən Səfər Mehdiyev 2018-ci il üzrə Dövlət Gömrük Komitəsi
üçün ilkin proqnozlaşdırılan 2 milyard 430 milyon manat proqnozun 760
milyon manat artırılaraq ümumilikdə 3 milyard 190 milyon manata
çatdırıldığını, dürüstləşmə nəzərə alınmadan 2018-ci ilin 8 ayı ərzində 1
milyard 569 milyon 780 min manat proqnoza qarşı faktiki olaraq 2
milyard 270 milyon 964 min manat vəsaitin toplanaraq dövlət büdcəsinə
ödənildiyini, bununla da büdcə öhdəliyinə 144,67 faiz və ya 701 milyon
184 min manat artıq əməl olunduğunu diqqətə çatdırıb. Dürüstləşmədən
sonra isə artım nəzərə alınmaqla büdcə öhdəliyi 2 milyard 131 milyon 45
min manat təşkil etməklə, faktiki toplanan 2 milyard 270 milyon 964 min
manat gömrük vergi və rüsumlarına nisbətdə 106,57 faiz və ya 139 milyon
919 min manat artıq icra olunub.
Komitə sədri onu da bildirib
ki, cari ilin ilin 8 ayı ərzində Əməliyyat-İstintaq Baş İdarəsi
tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin
gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər
nəticəsində 6155 hüquqpozma faktı aşkar edilib. Bu faktlardan 458-i
cinayət xarakterlidir və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq
əşyalarının və digər cinayət predmetlərinin dəyəri 6 milyon 135 min
manatdan çoxdur. Bu əməllərin törədilməsində şübhəli bilinən 496 nəfər
barəsində müvafiq tədbirlər görülüb ki, bunlardan 392 nəfəri Azərbaycan
vətəndaşı, 104 nəfəri isə əcnəbidir. 2018-ci ilin 8 ayı ərzində narkotik
vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz
dövriyyəsi ilə əlaqədar aşkar olunan 150 fakt üzrə ümumilikdə 1 ton 19
kq 926 qram narkotik vasitələr, psixotrop maddələr və onların
prekursorları: 928 kq 996 qram heroin, 71 kq 601 qram tiryək, 12 kq 741
qram həşiş, 48 qram marixuana, 115 qram metadon, 2,7 qram oksikodon,
1,35 qram hidrokodon, 0,15 qram fenazepam, 1,05 qram ketazolam, 2,5 qram
klobazam, 4,86 qram metilfenidat, 0,085 qram zolpidem, 0,625 qram
alprazolam, 5 qram fenobarbital, 2,645 qram klonazepam, 1555 qram
metamfetamin, 4 kq 845 qram kalium permanqanat və digər maddələr
qanunsuz dövriyyədən çıxarılıb.
Narkotiklərin
qanunsuz dövriyyəsində şübhəli bilinən 169 nəfər: 143-ü kişi və 26-sı
qadın olmaqla 132 nəfər Azərbaycan vətəndaşı və 37 nəfər əcnəbi (29 İran, 5 Rusiya, 1 Türkiyə, 1 ABŞ və 1 Qazaxıstan vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb, 17 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib.
Gömrük
işinin bütün sahələrində informasiya texnologiyalarının geniş şəkildə
tətbiq edildiyini bildirən Səfər Mehdiyev Texnoloji İnnovasiyalar və
Statistika Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası gömrük
xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin
təkmilləşdirilməsi, məlumatların yoxlanılması və emalı, gömrük işi
sahəsində fəaliyyətin qiymətləndirilməsi və biznes-prosesin
təkmilləşdirilməsi, innovasiya layihələrinin tətbiqi, korporativ
şəbəkənin genişləndirilməsi və təkmilləşdirilməsi, elektron gömrük
xidmətlərinin təşkili, gömrük xidmətinin informasiya resurslarının
təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Respublikasının xarici
ticarətinin təhlilinin aparılması və gömrük statistikasının
təkmilləşdirilməsi sahələrində görülən işlər barədə də ətraflı məlumat
verib.
Bildirilib ki, Elektron Hökumət Portalı vasitəsilə
göstərilən xidmətlərin sayı artırılıb və ümumilikdə 2 milyon 50 mindən
artıq şəxs elektron xidmətlərdən istifadə edib. Eyni zamanda, 14 dövlət
qurumu və bir sıra özəl təşkilatlarla "on-layn” şəkildə məlumat
mübadiləsi təmin edilib. Diqqətə çatdırılıb ki, informasiya
texnologiyaları sahəsində Azərbaycan gömrük orqanlarının əldə etdiyi
nailiyyətlər Ümumdünya Gömrük Təşkilatı və digər beynəlxalq qurumlar
tərəfindən inkişaf etməkdə olan ölkələrə tövsiyə olunur.
Səfər
Mehdiyev gömrük qanunvericiliyinin təkmilləşdirilməsi, beynəlxalq
əlaqələr, müxtəlif dövlətlərlə imzalanan saziş, protokol və
memorandumlar barədə də media nümayəndələrini məlumatlandırıb. Sonda
jurnalistlərin suallarına ətraflı cavab verilib.