Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi
səfəri bu ölkənin aparıcı mətbuat orqanlarının diqqət mərkəzindədir.
Rusiyanın başlıca federal televiziya kanalları və aparıcı nəşrləri
Azərbaycan liderinin qonşu ölkəyə səfərinin yekunlarını yüksək
qiymətləndiriblər.
"Rossiyskaya qazeta” yazır ki, prezidentlərin
Soçi görüşünün yekunlarına dair bir çox mühüm hökumətlərarası,
müəssisələrarası sənədlər imzalanıb. Qəzet Vladimir Putinin fikirlərinə
istinad edərək yazır: "Ölkələr arasında iqtisadi əlaqələr intensiv
inkişaf edir. Ötən il əmtəə dövriyyəsi təxminən 35 faiz artaraq 2
milyard dollara çatıb. Danışıqların yekunlaına dair iqtisadi
əməkdaşlığın müxtəlif sahələrinə aid təsdiqlənmiş 5 "yol xəritə”si əmtəə
dövriyyəsini daha da artırmağa, inteqrasiya əlaqələrini
intensivləşdirməyə imkan verəcək.
"Rossiyskaya qazeta” yazır ki,
Rusiya və Azərbaycan liderləri nəqliyyat infrastrukturu sahəsində
əməkdaşlığa xüsusi önəm veriblər. Prezidentlər "Şimal-Cənub” dəhlizini ən perspektivli layihə adlandırıblar. Bu dəhliz Cənubi Asiya və Yaxın Şərqdən İran vasitəsilə Avropaya yük daşımalarını xeyli sürətləndirməyə imkan verəcək.
Qəzet Prezident İlham Əliyevin
çıxışından sitata gətirərək yazır: "Azərbaycan da öz tərəfindən ölkə
ərazisində bu istiqamətdə bütün mühüm infrastruktur layihələrini həyata
keçirib. Bu il Şimal-Cənub nəqliyyat dəhlizi ilə keçən illə müqayisədə
100 dəfə çox yük daşınıb. Bu, hələ başlanğıcdır, çünki bu genişmiqyaslı
qlobal layihə çoxsaylı ölkələri və qitələri əhatə edəcək. Beləliklə,
ölkələrimizin tranzit imkanları artacaq, minlərlə yeni iş yeri
yaradılacaq”.
"Rossiyskaya qazeta” prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələrinə də yer ayırıb. Qəzet Prezident Vladimir Putinin ölkəsinin ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin həllinə hərtərəfli kömək göstərəcəyi barədə fikirlərini sitat gətirib.
Azərbaycan Prezidentinin iki ölkə arasında hərbi-texniki əməkdaşlıq haqqında dedikləri də Rusiya oxucularına təqdim olunub. Azərbaycan Prezidenti
deyib: "Rusiya ilə Azərbaycan arasında reallaşdırılmış kontraktların
həcmi, daha doğrusu, Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi
təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici
artmağa meyillidir. Ona görə ki, Azərbaycan Silahlı Qüvvələrinin
modernləşdirilməsini davam etdirir, Rusiya isə dünyada hərbi
məhsulların ən mühüm istehsalçısı və beynəlxalq bazarların bu
məhsullarla təchizatçısıdır”.
Soçidə Azərbaycan ilə Rusiya arasında imzalanan sənədlərdən bəhs edən "Kommersant” qəzeti yazır ki, iki ölkə arasında malların hava
nəqliyyatı ilə daşınması sahəsində gömrük hüquqpozmalarına qarşı
mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokol imzalanıb.
Qəzet yazır: "Bundan əlavə Rusiya və Azərbaycan "Qoşadaş” bloku və Xəzərin dibinin Azərbaycana aid hissəsində Abşeron
yarımadasının şimalında neft və qaz potensialının öyrənilməsi ilə birgə
məşğul olacaqlar. "Rosneft” və SOCAR, habelə "Qaz Avtomobil Zavodu” QSC
ilə "Azərmaş” ASC arasında da müqavilələrin bağlanması "Kommersant”
qəzetinin yazılarında qeyd olunub.
Sonda Prezident İlham Əliyevin rusiyalı həmkarını Azərbaycana səfərə dəvət etdiyi vurğulanıb. (AzərTAc)