"Azərbaycan və Rusiya birgə səylər və tədbirlərlə əməkdaşlığı daha da gücləndirməyə çalışır" XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat
xidmətinin rəhbəri Hikmət Hacıyev "TRT World" kanalına müsahibəsində
deyib.
Azərbaycanın Rusiya və Almaniya ilə əlaqələri və regiona
artan maraqlar haqqında sualı cavablandıran H.Hacıyev bildirib ki,
Azərbaycan öz xarici siyasətində bütün tərəfdaş və dost dövlətlərlə
bərabər hüquqlu və normal əlaqələrin qurulmasının tərəfdarıdır. Bu
xüsusda o, Rusiyanın Azərbaycanın qonşu dövləti olduğunu və iki ölkə
arasında ənənəvi dostluq əlaqələrinin hökm sürdüyünü deyib.
XİN
sözçüsü iki ölkənin birgə səylər və tədbirlərlə əməkdaşlığı daha da
gücləndirməyə çalışdığını vurğulayıb. Digər tərəfdən, o, Azərbaycanın Avropa İttifaqından olan tərəfdaşlarla yaxından əməkdaşlıq etdiyini qeyd edərək Avropa
İttifaqı, Aİ-nin üzv dövlətləri, o cümlədən Almaniya ilə əməkdaşlıq
üzrə Azərbaycanın geniş gündəliyinin olduğunu nəzərə çatdırıb.
Münaqişənin həlli və vasitəçilik missiyaları haqqında sualı cavablandıran H.Hacıyev Cənubi Qafqaz
regionunun Azərbaycan ərazilərinin Ermənistan tərəfindən davam edən
işğalından əziyyət çəkdiyini və Ermənistan silahlı qüvvələrinin
Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğunun
regional sülh və təhlükəsizliyi ciddi təhdid etdiyini vurğulayıb.
Münaqişənin həlli üzrə yol xəritəsinin hər kəsə aydın olduğunu və bunun beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslandığını deyən XİN rəsmisi bütün həmsədr ölkələrin BMT TŞ-nin qətnamələrinin tələblərinin yerinə yetirilməsi üçün səylərini artırmasının vacibliyini diqqətə çəkib.
Münaqişənin həllində Almaniyanın roluna gəldikdə isə o, Almaniyanın Minsk qrupunun üzv ölkələrindən biri olduğunu bildirib: "Azərbaycanın gözləntisi ondan ibarətdir ki, Minsk qrupunun həmsədrləri ilə birlikdə Minsk qrupunda iştirak edən bütün dövlətlər fəal olaraq BMT TŞ-nin qətnamələrinin həyata keçirilməsinə dəstək olmalıdırlar”.
BMT
TŞ-nın qətnamələrinin mahiyyətinə toxunan H.Hacıyev xatırladıb ki, bu
qətnamələrdə işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən
tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.
Yekunda XİN
rəsmisi Azərbaycan xalqının 25 ildən artıq bir dövr ərzində bu
münaqişədən əziyyət çəkdiyini və Azərbaycanın münaqişənin substantiv və
intensiv danışıqlar yolu ilə həllini dəstəklədiyini qeyd edib.