Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşə başsağlığı verib.
Başsağlığında deyilir: "Hörmətli cənab Baş katib, Birləşmiş Millətlər
Təşkilatının 7-ci Baş katibi, görkəmli siyasi xadim Kofi Annanın vəfatı
xəbəri məni olduqca kədərləndirdi.
Kofi Annan uzun illər
Birləşmiş Millətlər Təşkilatına rəhbərlik edərək, dünyada sülhün və
sabitliyin qorunub saxlanması, qlobal təhdidlərin və təhlükələrin
qarşısının alınması, davamlı inkişafın təmin edilməsi işinə mühüm
töhfələr vermişdir.
Azərbaycan Respublikası ilə BMT arasında əməkdaşlığın bütün istiqamətlərdə dərinləşməsində Kofi Annanın xüsusi xidmətləri olmuşdur.
Bu
ağır itki ilə əlaqədar Sizə və başçılıq etdiyiniz təşkilatın
əməkdaşlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə
başsağlığı verirəm".