Azərbaycan Sərhəd
Mühafizəsinin sürətli inkişafını görmək üçün hər il keçirilən müxtəlif
mövzulu təlimlərə nəzər yetirmək kifayətdir. Peşə vərdişlərinin yüksək
səviyyədə mənimsənilməsində böyük rol oynayan taktiki təlimlərin
keçirilməsi şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsinə xidmət
edir. XəzərXəbər xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirilib.
DSX
rəisi qeyd edib ki, keçirilən taktiki təlimlərin əsas məqsədi şəxsi
heyətə vətənə məhəbbət və qələbəyə inam hislərinin aşılanması, bölmələr
arasında əlaqələndirmənin və idarəetmə orqanlarının real döyüş
şəraitində birgə fəaliyyətinin yoxlanılması və təkmilləşdirilməsidir.
İllər
keçdikcə təlimlərin məqsədi, miqyası və xarakteri dəyişir, qarşıya daha
mürəkkəb vəzifələr qoyulur. Döyüş atışı ilə keçirilən irimiqyaslı
əməliyyat-taktiki təlimlər zamanı ən müasir silah və texnikadan istifadə
edən sərhədçilər sübut edirlər ki, qarşıya qoyulmuş vəzifələri yüksək
səviyyədə yerinə yetirməyə qadirdirlər. Son illərdə Azərbaycanın
hərbi-dəniz tarixində ilk dəfə dənizdə zenit-artilleriya qurğularından
və raket komplekslərindən gecə atışlarının yerinə yetirilməsi, ilk dəfə
olaraq Mİ-17 helikopterləri ilə gecə uçuşlarının keçirilməsi bu sahədə
qazanılan uğurlardandır. Təlimlərdə ən müasir döyüş texnikasından
istifadə, raket buraxılışları, zenit qurğularından, helikopterlərdən,
zirehli texnikalardan, minaatanlardan, iriçaplı pulemyotlardan,
qumbaraatanlardan döyüş atışları müvəffəqiyyətlə həyata keçirilir.
Dövlət Sərhəd Xidmətinin
maddi-texniki bazası möhkəmləndirilir, yeni silahlar, döyüş texnikası,
xüsusi avadanlıqlar, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat
vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı və
qoruyucu vasitələr alınır. Keçirilən taktiki təlimlərin əsas
məqsədlərindən biri də məhz yeni silah və texnikanın şəxsi heyət
tərəfindən tam mənimsənilməsinə şərait yaradılması, nəzəri biliklərin
təcrübədə qüsursuz tətbiq edilməsi vərdişlərinin
mükəmməlləşdirilməsidir.