Sağlam heyvan olmadıqda, sağlam qidadan söhbət gedə bilməz. XəzərXəbər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Bayandur Rzayevin müsahibəsini təqdim edir:
- Hal-hazırda Dövlət Baytarlıq Xidməti hansı səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir? -
Baytarlıq xidməti olaraq vəzifəmiz respublika ərazisində heyvanlar və
quşlar arasında baş verə biləcək xəstəliklərə qarşı mübarizə aparmaq və
heyvanların müalicəsini həyata keçirtməkdən ibarətdir. Hal-hazırda bizim
qurum 13 xəstəliyə qarşı profilaktiki peyvəndləmə işi aparır. Bu
xəstəliklərə qarşı mübarizə dövlət büdcəsindən ayrılan vəsait hesabına
həyata keçirilir.
- Dövlət Baytarlıq Xidmətinin fəaliyyəti ilə bağlı hansı mesajların verilməsini məsləhət bilirsiniz?-
Dövlət Baytarlıq Xidməti olaraq vətəndaşlara demək istəyirəm ki,
epizootik tədbirlərin aparılmasında yerlərdə fəaliyyət göstərən baytar
həkimlərə köməklik etsinlər, tədbirlər aparılan zaman heyvanların
tutulmasında, fiksasiya olunmasında yardım göstərsinlər. Heyvanlarda
özbaşına müalicə və digər baytarlıq-sanitariya tədbirləri aparmasınlar.
Eyni zamanda İri heyvandarlıq təsərrüfat sahibləri daim heyvanların
saxlanıldığı və gəzdirildiyi yerləri profilaktiki dezinfeksiya
etdirsinlər.
- Qarşıdan Qurban bayramı gəlir. Vətəndaşlara qurbanlıq heyvan seçimi ilə bağlı hansı tövsiyələri verərdiniz?-
Qurbanlıq heyvanlarla əlaqədar onu demək istəyirəm ki, vətəndaşlar
heyvanların duruşuna, sağlamlığına xüsusi fikir versinlər. Qurbanlıq
heyvan hər cəhətdən qüsursuz olmalıdır.
- Qonşu ölkələrdə baş verən xəstəliklərin ölkəmizə keçməməsi üçün hansı profilaktik tədbirlər görülür?-
Qonşu ölkələrdə hər hansı xəstəlik qeydə alınarsa, onlara qarşı
mübarizə aparırıq. Qeyd edim ki, ölkə ərazisində müəyyən xəstəliklərə
qarşı profilaktiki peyvəndləmə aparılıb. Bu tədbirlər mərhələlərlə
həyata keçirilir və hazırda ölkəmizdə iti yoluxucu xəstəliklərə görə
epizootik sabitlik qorunur.
- Qarşıdan payız fəsli gəlir. Bu dövrdə heyvanlar necə saxlanılmalıdır?-
Fermerlər payız fəslində heyvanlar üçün yem ehtiyatı əldə etməlidir.
Saxladıqları heyvanların sayına uyğun olaraq qış fəsli üçün yem
toplamalıdır. Bir də məsləhətim odur ki, heyvanları yemləmək üçün
qüvvəli yemlərə üstünlük versinlər. Əhaliyə, təsərrüfat sahiblərinə onu
demək istəyirəm ki, heyvanların saxlanma, bəslənmə və havalanma
şəraitinə diqqət göstərmək vacibdir. Birinci növbədə vətəndaşlardan,
fermerlərdən xahişimiz ondan ibarətdir ki, heyvanların sağlamlığına
fikir versinlər. Əgər bir şübhəli hal baş verərsə, dərhal yerli
baytarlıq idarələrinə və sahə baytarlıq məntəqələrinə müraciət etmək
lazımdır. Çünki sağlam heyvan olmadıqda, sağlam qidadan söhbət gedə
bilməz. Heyvanların sağlam olması üçün isə ilk növbədə heyvanların
infeksion xəstəliklərdən qorunması və onlara qarşı mübarizə
tədbirlərinin aparılması vacibdir.