8 avqust 2018-ci il
tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən Qarabağ hərbi
prokurorluğuna həmin hərbi hissənin əsgəri Fəhmin Əbilovun avtomat
silahdan atəş açaraq özünü öldürməsi barədə məlumat daxil olub.
Azərbaycan Respublikası Hərbi Prokurorluğundan XəzərXəbər-ə verilən xəbərə görə, həmin məlumat əsasında Qarabağ hərbi
prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış
keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi
götürülmüş, şahidlərin dairəsi müəyyən edilərək izahatları alınıb. Silahlı Qüvvələrin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya (MTE və PA) Mərkəzi tərəfindən meyitin müayinəsi aparııb.
Həmin
tarixdə Qarabağ hərbi prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin
125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi
başlanıb.
Qeyd olunub ki, zərərçəkmiş şəxsin valideynləri və yaxın qohumları tərəfindən Silahlı Qüvvələrin
MTE və PA Mərkəzində aparılan müayinənin obyektivliyi şübhə altına
alındığından, cinayət işinin istintaqı Azərbaycan Respublikası Baş
Prokurorluğunun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülərək işin
hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi
məqsədi ilə istintaqın davam etdirilməsi Respublika Hərbi prokurorunun
müavininə tapşırılıb və istintaq qrupu yaradılaraq hadisənin baş verdiyi
hərbi hissəyə ezam olunub.
Avqustun 9-da Səhiyyə Nazirliyinin
MTE və PA Elmi-Təcrübi Tədris Birliyində təcrübəli ekspertlər tərəfindən
mərhumun yaxın qohumlarının iştirakı ilə meyitin təkrar müayinəsi
aparılıb. İlkin istintaqla müəyyən edilib ki, əsgər Əbilov Fəhmin Akif
oğlu xidmət müddətində müxtəlif vaxtlarda post başçısı gizir Xəlilov
Elmir Rəsul oğlu və həmin postun əsgərləri Tanrıverdiyev Sənan Səbuhi
oğlu və Arazov Rəşad Xəqani oğlu tərəfindən zorakı və qanunsuz
hərəkətlərə məruz qalıb.
Həmçinin müəyyən edilib ki, avqustun
8-də saat 11:45-də növbədə olan əsgər S.Tanrıverdiyev xidmət yerindən
vaxtından əvvəl çıxıb silahını nəzarətsiz qoyub, bundan istifadə edən
əsgər F.Əbilov həmin silahı götürüb özünü öldürüb.
Aparılan ilkin
istintaqla kifayət qədər sübutlar toplandığı nəzərə alınaraq üç hərbi
qulluqçu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə əsgər
S.Tanrıverdiyevə Cinayət Məcəlləsinin 230 (odlu silahı diqqətsiz
saxlama), 332.2.1, 332.2.3 (tabelik münasibətlərində olmayan hərbi
qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını
pozma), 338.1 (döyüş növbəsi çəkmə qaydalarını pozma) və 341.3-cü
(hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya
hakimiyyətdən istifadə etməmə), əsgər R.Arazova Cinayət Məcəlləsinin
332.2.1 və 332.2.3-cü, gizir E.Xəlilova isə həmin məcəllənin 331.2,
341.2.3 və 341.3-cü maddələri ilə ittiham elan edilərək barələrində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Avqustun
13-də zərərçəkmiş şəxsin atası Akif Əbilov Azərbaycan Respublikası Baş
Prokuroruluğunun rəhbərliyi tərəfindən qəbul edilərək cinayət işi üzrə
istintaqın gedişatı barədə məlumatlandırılıb, ona istintaqın tam,
hərtərəfli və obyektiv aparılaraq övladının ölümündə təqsirli olan bütün
şəxslərin cinayət məsuliyyətinə cəlb olunaraq barələrində qanunamüvafiq
tədbirlərin görüləcəyi bildirilib.