Dövlət Sərhəd
Xidmətinin (DSX) sərhəd qoşunlarının "Xudat” sərhəd dəstəsinin
"Yuxarı Tahircal” sərhəd zastavası kompleksi xidməti istifadəyə
verilib.
DSX-dən XəzərXəbər-ə verilən məlumata görə, təntənəli mərasimdə şəxsi heyəti təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
Azərbaycan sərhəd mühafizəsinə göstərdiyi ali diqqət və qayğı
sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində
şəxsi heyət üçün yüksək xidmət və məişət şəraitinin yaradılmasını qeyd
edib, yeni istifadəyə verilən sərhəd zastavasının bu ali
münasibətin növbəti təzahürü olduğunu vurğulayıb.
1992-ci
ilin iyun ayının 16-da əsası qoyulmuş və yaradılarkən heç bir sərhəd
infrastukturuna malik olmayan "Xudat” sərhəd dəstəsi ötən dövr ərzində
şərəfli inkişaf yolu keçərək Dövlət Sərhəd Xidmətinin
qabaqcıl hərbi hissələrindən birinə çevrilib, Respublikamızın şimal
sərhədlərinin etibarlı mühafizəsinin təşkilində yüksək nailiyyətlər
əldə edib.
Mərasimdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
"Xudat” sərhəd dəstəsinə 4 dəfə səfər etməsinin şəxsi heyətdə
böyük ruh yüksəkliyi yaratması, hər bir sərhədçiyə qürur və şərəfli
anlar yaşatması xüsusi vurğulanıb.
Ötən əsrin 90-cı illərin əvvəllərində heç bir sərhəd infrastrukturu olmayan ərazidə xidmətə başlayan sərhədçilərə Qusar
rayon sakinlərinin ciddi köməklik göstərmələrini xatırlayan Dövlət
Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev sərhəd
mühafizəsinin təşkilinə verilən böyük dəstəyə görə yerli sakinlərə
minnətdarlığını bildirib.
Tədbirdə xidməti fəaliyyətlərində yüksək nəticələr göstərmiş hərbi qulluqçulara dövlət təltifləri təqdim olunub.
Müasir
tələblərə cavab verən sərhəd zastavasında şəxsi heyət üçün lazımi
məişət şəraiti olan yataqxana, yeməkxana, istirahət və xüsusi
təyinatlı otaqlar, təlim şəhərciyi, anbarlar, mərkəzləşdirilmiş
istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana, idman
şəhərciyi, zabit və gizir ailələri üçün inşa olunmuş, mebel və
avadanlıqlarla təmin edilmiş mənzillər və digər tikililər
sərhədçilərin istifadəsinə verilib.