Yerli icra hakimiyyəti
orqanlarında rayon mərkəzlərinin və şəhərlərinin abadlığı, rayon
(şəhər) ərazisindəki inzibati binaların (xəstəxanaların, məktəblərin,
mədəniyyət müəssisələrinin, icra hakimiyyətlərinin inzibati binalarının
və digər sosial obyektlərin), habelə yolların təmiri və tikintisi üçün
ayrılan vəsaitlərin təyinatına xərclənməsi üzrə aparılan nəzarət
tədbirləri ilə yerinə yetirilmiş kimi göstərilən işlərin həcminin
əsassız olaraq artıq yazıldığı müəyyən olunub. XəzərXəbər xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin bu ilin I yarısında apardığı nəzarət tədbirlərində bildirilib.
Məlumatda
qeyd olunub ki, yerli icra hakimiyyəti orqanlarında mallların (iş və
xidmətlərin) satın alınması zamanı mövcud qanunvericiliyin tələblərinə
zidd olaraq bəzi hallarda satınalma prosedurlarının keçirilmədiyi,
satınalma prosedurlarının keçirilməsi ilə əlaqədar ehtimal dəyərlərinin
müəyyən edilmədiyi, layihə-smeta sənədlərinin tərtib edilmədiyi və
onların müvafiq qaydada ekspertizaya təqdim olunmadığı, müvafiq il üçün
rayon mərkəzlərində (şəhərlərdə) təmizlik işlərinin aparılması və
yaşıllıq sahələrinə xidmət ilə əlaqədar işlərin dəyərini müəyyən edən
hesabatların bəzi hallarda tərtib edilmədiyi, tərtib edildiyi hallarda
isə işlərin (xidmətlərin) dəyərinin əsassız olaraq artırıldığı və dövlət
büdcəsindən artıq vəsait alınaraq səmərəsiz xərcləndiyi, alınmış
malların (iş və xidmətlərin) dəyərinin bank köçürmələri vasitəsi ilə
deyil nağd qaydada ödənildiyi, rayonların (şəhərlərin) kommunal
təsərrüfatları tərəfindən əhalidən və kommersiya obyektlərindən bərk
məişət tullantılarının yığılması və ərazidən daşınaraq
zərərsizləşdirilməsi üzrə böyük məbləğdə xidmət haqlarının yığılmasının
təmin edilmədiyi, uşaq baxçalarında əsassız olaraq artıq qrupların
yaradıldığı və uşaqların davamiyyətinin çox aşağı olduğu, bəzi hallarda
isə uşaq baxçalarının binalarının tam yararsız vəziyyətdə olmasına
baxmayaraq həmin binalarda uşaq baxçalarının fəaliyyətlərinin
sənədləşdirildiyi, uşaq baxçalarında uşaqların ərzaqla təchizatının çox
aşağı səviyyədə olduğu, bəzi hallarda uşaq baxçalarında uşaqlara
verilməsi sənədləşdirilən ərzaq məhsullarının bəzi hissələrinin faktiki
olaraq alınmadığı və uşaqlara verilmədiyi kimi nöqsanlar aşkar olunub.
Aparılan
yoxlamalarla, habelə müəyyən edilib ki, yerli icra hakimiyyətlərində
yeni təyin edilən rəhbərlik tərəfindən keçmiş rəhbərliyin fəaliyyəti
dövründə aparılan təmir və tikinti işləri heç bir sənədləşmə
aparılmadan, yəni səbəbi göstərilmədən sökülür və ya ehtiyac olmadığı
halda onların üzərindən yenidən təmir işləri aparılır və bu da büdcə
vəsaitinin səmərəsiz xərclənməsinə, habelə əvvəlki rəhbərlik tərəfindən
həmin işlərə xərclənən vəsaitlərin nəzarət tədbirlərindən kənarda
qalmasına gətirib çıxarır. Eyni zamanda, araşdırmalar zamanı yerli icra
hakimiyyəti orqanlarında və onların təsisçiliyi ilə yaradılan xidmət
qurumlarında uçot və hesabat işlərinin lazımi səviyyədə təşkil
edilmədiyi, təsərrüfat əməliyyatlarına çox hallarda müxabirləşmələrin
verilmədiyi, yəni onların uçotda əks etdirilməsinin təmin olunmadığı,
balans hesablarının analitik uçotunun aparılmadığı, bəzi hallarda isə
əsas vəsaitlərə köhnəlmələrin hesablanmadığı müəyyən edilib.