Təhsil Nazirliyinin
tabeçiliyində olan ali və orta ixtisas təhsili müəssisələrində aparılan
nəzarət tədbirləri ilə nəzarət obyektinin özünün maddi-texniki bazasının
və kadr potensialının olmasına baxmayaraq elektron şəbəkə vasitəsi ilə
keçirilən imtahanlar üçün istifadə olunan proqram təminatının tətbiqi
sahələrinin genişləndirilməsinə, yazılı imtahanların təşkili,
qiymətləndirmə üsullarının dəqiqləşdirilməsi və yazılı imtahan
biletlərinin mərkəzi sistem vasitəsi ilə avtomatik hazırlanmasının
həyata keçirilməsi üçün "TEST Virtual Təhsil Sistemi (imtahan)
proqramı”na xidmət üçün kənar təşkilata hər il xeyli məbləğdə vəsait
ödənildiyi müəyyən olunub. XəzərXəbər xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin bu ilin I yarısında apardığı nəzarət tədbirlərində bildirilib.
Məlumatda
qeyd olunub ki, liftlərə xidmət üçün özünün kifayət qədər işçilərinin, o
cümlədən texniki işçilərinin olmasına baxmayaraq, liftlərin istismarına
texniki xidmət adı ilə kənar təşkilata xeyli məbləğə vəsait ödəndiyi,
malların (iş və xidmətlərin) satınalma müsabiqələri keçirilmədən
alındığı, yerinə yetirilməsi sənədləşdirilmiş işlərin dəyərinin əsassız
olaraq şişirdildiyi və bu hesaba podratçı təşkilatlara artıq vəsait
ödənildiyi, büdcədənkənar vəsaitlərin uçotunun aparılmadığı və mədaxil
edilmədən müxtəlif məqsədlərə xərcləndiyi və digər bu kimi nöqsanlara
yol verildiyi aşkar olunub.
Təhsil Nazirliyinin
rayon (şəhər) təhsil şöbələrində aparılan nəzarət tədbirləri ilə
müvafiq qaydada uşaqların sayı üçün müəyyən edilən həddə əməl edilmədən
əlavə sinif kompleklərinin təşkil edildiyi, müvafiq ixtisas təhsilli
müəllim olmadığı halda siniflərin iki hissəyə bölündüyü, məktəbdənkənar
müəssisələrdə fakultativ və dərnək məşğələlərinin keçirilməsi
jurnallarla təsdiq edilmədiyi halda həmin məşğələlərə görə əməkhaqqının
ödənildiyi, pedaqoji işçilərin aylıq ödəniş dərəcələrinin yüksək
göstərilməsi hesabına onlara xeyli məbləğdə əməkhaqqının artıq
ödənildiyi, mövcud qaydaların tələblərinə zidd olaraq bəzi fənlərin
tədrisinin müvafiq ixtisas təhsili olmayan müəllimlərə həvalə edildiyi,
faktiki olaraq işə gəlməyən işçilərə əməkhaqqı ödənildiyi, işçilərin
razılığı olmadan onların əməkhaqlarından tutularaq vəsaitin müxtəlif
qurumlara köçürüldüyü, ezamiyyə xərcləri barədə müvafiq normalara əməl
etmədən işçilərə artıq ezamiyyə xərclərinin ödənildiyi və digər bu kimi
nöqsanlara yol verildiyi müəyyən edilib.