Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq.
ƏƏSMN-dən XəzərXəbər-ə verilən məlumata görə, nazirlik tərəfindən Fondun Əsasnamə layihəsi
hazırlanaraq baxılması üçün aidiyyəti qurumlara təqdim olunub.
Dövlət
Əməyin Mühafizəsi Fondu əməyin mühafizəsi sahəsində vahid dövlət
siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə
maddi-texniki dəstək verəcək.
Fond əməyin mühafizəsi sahəsində
fəaliyyətin əlaqələndirilməsini təmin etməklə, bu sahədə profilaktik
tədbirlərin həyata keçirilməsini, əməyin mühafizəsi normaları,
standartları və qaydalarının hazırlanmasını dəstəkləyəcək. Müvafiq sahə
üzrə mütəxəssislərin hazırlanmasının, əməyin mühafizəsi sahəsində
təbliğat-maarifləndirmə işlərinin təşkili, işçilərin istehsalatda
bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta edilməsinin
təbliği və s. də Fondun fəaliyyət istiqamətləri olacaq.
Qeyri-kommersiya
qurumu kimi təşkil ediləcək Fond dövlət və yerli özünüidarəetmə
orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və
fiziki şəxslər ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərəcək.
Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə və "Azərbaycan Respublikası Əmək
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin Fərmanına əsasən Dövlət Əməyin Mühafizəsi Fondunun Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılması nəzərdə tutulub.