Ermənistan KİV-nin
Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş
ərazilərində yaradılmış qondarma rejimin hər hansısa bir sənədinin
BMT-nin saytında yerləşdirilməsi barədə xəbəri yalan və
dezinformasiyadan başqa bir şey deyildir. XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan XIN-nin Mətbuat xidmətinin rəhbəri
Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, bu kimi ucuz vasitələrlə
Ermənistanın yeni hakimiyyəti ilk növbədə Ermənistan ictimaiyyətini
aldatmağa çalışır: "Bu kimi yalanlar ifşa olunduqca Ermənistanın dövlət
media resursları xəbərin başlığını redaktə edərək yeni formada verməyə
çalışırlar.
Ermənistanın BMT
yanında Daimi Nümayəndəliyi üzv dövlət olaraq məktubla müraciət edir və
bu məktubun əlavəsi kimi qondarma rejimə aid hər hansısa bir kağız
parçasını əlavə edir. Ermənistanın bu hərəkəti BMT üzv dövlətlərinə, BMT nizamnaməsinə hörmətsizlikdir.
Təyinatına gəldikdə isə bu kimi kağız parçaları BMT-də ətraf mühiti qorumaq üçün makulatura məqsədilə istifadə olunur. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi BMT-nin katibliyi və BMT üzv dövlətlərini Ermənistanın bu kimi qeyri-ciddi fəaliyyəti barədə məlumatlandırıb".