Xəzər Xəbər

“Bizə qarşı çirkin kampaniyalar aparılır” Prezident

Gündəm | 15:27 • 13 İyul 2018
“Bizə qarşı çirkin kampaniyalar aparılır”
"Bizim müstəqillik tariximizdə Azərbaycana qarşı təxribatlar törədilib. O cümlədən, silahlı təxribatlar, terror aktları, dövlət çevrilişlərinə cəhd olub. Onların biri də baş tutmayıb. Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycanda xalq-iqtidar birliyi var”.


XəzərXəbər xəbər verir ki, bunu Prezident İlham Əliyev Respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda deyib. Ölkə başçısı bildirib ki, xalq-iqtidar birliyi sabitliyin əsas şərtidir:


"Xalq-iqtidar birliyini nə xarici, nə də hər hansı daxili qüvvə sarsıda bilməz və Azərbaycanın müasir tarixi dəfərələrlə bunu sübut edir. Kim bizə qarşı çirkin niyyətlərlə hərəkət edir, özü bu hərkətlərin qurbanı olur. Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir. Azərbaycan xalqı sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayır. Bunu üçün biz əlimizdən gələni edirik. Bu gün Azərbaycan sürətlə inkişaf edən müasir dövlətdir. Gündən-günə bizim gücümüz artır, potensialımız güclənir. Bizim uğurlarımıza kölgə salmaq istəyən qüvvələr müxtəlif üsullardan istifadə edir. Bizə qarşı çirkin kampaniyalar aparılır. Yalan, qarayaxma, iftira üzərində qurulan kampaniyaların heç bir səmərəsi olmayacaq. Azərbaycan xalqı bu yalanlara, böhtanlara inanmır. Çünki Azərbaycan xalqı öz rəhbərliyinə inanır. Sonuncu prezident seçkiləri də bunu bir daha əyani şəkildə sübut etdi”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycana qarşı müxtəlif xarici mərkəzdən idarə olunan media tərəfindən də qaralama kampaniyası aparılır: "Bunun da nəticəsi olmur. Özlərini QHT adlandıran bir qrupun kampaniyasının heç bir təsiri olmadı. Nə ölkə daxilində və nə də xaricdə. Bu gün NATO-nun zirvə görüşü bizim nə qədər yüksək hörmətə malik olduğumuzu sübut etdi. Azərbaycan bu gün dünyada böyük hörmətə malikdir. Bizə qarşı xarici mərkəzlərdən idarə olunan media qurumları vasitəsilə qaralama kampaniyaları aparılır. Bunun da səmərəsi olmayacaq. Xarici əlaqələrimiz genişlənir. Azərbaycan dünya miqyasında çox böyük hörmətə malikdir.

Bu cəhdlər əbəsdir. Bizim siyasətimizə, iradəmizə şər qüvvələr təsir edə bilmir. Onların əlində terrordan başqa heç nə qalmayıb. Bu da keçməyəcək, necə ki, əvvəllər də keçməyib. Azərbaycan öz gücünü göstərir və bundan sonra da göstərəcək. Cinayətkarların hamısı məsuliyyətə cəlb olunacaq və məhkəmə, xalq, ədalət qarşısında cavab verəcəklər. Bunu təmin etmək üçün kifayət qədər gücümüz var".

Ölkə başçısı diqqətə çatdırıb ki, cinayətkarların bir hissəsi artıq saxlanılıb və operativ əməliyyat-axtarış tədbirləri davam etdiriləcək: "Tam əminliklə deyə bilərəm ki, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycan bundan sonra inkişaf, tərəqqi yolu ilə gedəcək. Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik”.

Xəbər lenti