Xəzər Xəbər

“Terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyib” İlham Əliyev

Gündəm | 14:30 • 13 İyul 2018
“Terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyib”
"İyulun 3-də və 10-da Gəncədə törədilmiş qanlı cinayətlər dövlətçiliyə qarşı törədilmiş cinayətlərdir”.


XəzərXəbər-in məlumatına görə, bu sözləri prezident İlham Əliyev hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda deyib. Ölkə başçısının sözlərinə görə, terror aktları nəticəsində iki polis əməkdaşı şəhid olub, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı isə yaralanıb:


"Allah şəhidlərimizə rəhmət etsin, yaralananlarımıza şəfa versin .Bu cinayəti törədən terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyib. Bunun əsas məqsədi bundan ibarətdir. Cəmiyyətimizi qorxutmaq məqsədi ilə bu qanlı terror aktları törədilib. Terror aktları dini şüarlar altında törədilib. Bu, özlüyündə islam dininə qarşı ən böyük cinayətdir. İslam sülh, mərhəmət dinidir. Azərbaycan islam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir. Keçən il Azərbaycanda islam həmrəyliyi ili elan edilib”.


Prezident qeyd edib ki, Azərbaycanda dövlət vəsaiti hesabına tarixi, dini abidələr tam bərpa olunub: "Bu cinayəti dinimizə bağlamaq ən böyük cinayətdir. Cinayətkarlar müsəlman deyillər və cinayətlər cavabsız qalmır. Cinayətkarlar və onların arxasında dayananlar öz məkrli niyyətlərinə çata bilməyəcəklər. Və bütün Azərbaycan xalqı bu qanlı cinayəti birmənalı olaraq pislədi, bunu törədənlərə öz nifrətini ifadə etdi. Azərbaycan dövləti isə öz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir. Cinayətkar dəstə zərərsizləşdirilib. Əməliyyat axtarış işləri davam etdirilir, bu cinayətdə iştirakı olanların hamısı məsuliyyətə cəlb olunacaq. Hüquq-mühafizə orqanları qarşısında bu vəzifə qoyulub”.

Xəbər lenti