Təhlillər göstərir ki,
beynəlxalq daşımalarda iştirak edən milli avtomobil daşıyıcılarının
ölkəmizin geniş nəqliyyat-logistika imkanlarından aktiv istifadə etmək
imkanları qənaətbəxş səviyyədə deyil. Milli daşıyıcılar tərəfindən
beynəlxalq daşımalarda təxminən 2000 avtonəqliyyat vasitəsi istismar
olunur ki, bunun da yalnız 1239-u müasir tələblərə cavab verir. XəzərXəbər xəbər verir ki, bu barədə Dövlət Avtomabil Nəqliyyatı Xidmətinin
mətbuat katibi Nuridə Allahyarova məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin
müvafiq fərmanı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və
iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə də qeyd
edilir ki, ixrac bazarlarına yük daşımalarının həyata keçirilməsi üçün
ixtisaslaşmış yerli avtonəqliyyat parkı zəifdir, ixracatçılar xarici
ölkələrin avtonəqliyyat parkından asılıdırlar və bu da daşımanın stabil
və əlverişli şərtlərlə həyata keçirilməsində problemlər yaradır.
"Bu
baxımdan NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən
bu sahədəki boşluqların aradan qaldırılması üçün avtonəqliyyat
vasitələri parkının yenilənməsi və növbəti 5 il ərzində orta yaş
həddinin 10 ilə qədər endirilməsi məqsədilə hazırlanan və beynəlxalq
avtomobil daşımaları həyata keçirən milli daşıyıcıların mənafelərinin
qorunmasını nəzərdə tutan "Milli daşıyıcılara dövlət dəstəyi"nə dair
Təkliflər Paketi hazırlanıb. Təkliflər Paketində qeyd edilən bəndlər
üzrə razılıq əldə olunduqdan sonra, 2019-cu ilin yanvar ayından
mərhələli şəkildə icrasına başlanacaq”.
N.Allahyarova
fotoqrafikada təqdim edilən rəqəmlərin təkcə beynəlxalq daşımalarda
iştirak edən milli daşıyıcılara məxsus avtonəqliyyat vasitələrini deyil,
ümumi yük avtomobillərinin mövcud vəziyyətini əks etdirdiyini deyib.
Belə
ki, yük avtomobillərinin 81 faizinin yaşı 10 ildən yuxarı, 15 faizinin
yaşı 5-10 il arası, 4 faizinin yaşı isə 5 ilə qədərdir.