Ermənistanın populist
baş naziri NATO üzv dövlətlərinin dövlət və hökumət başçıları
səviyyəsində qəbul edilmiş bəyanatına hörmətlə yanaşmaq əvəzinə əsassız
şəkildə iddialar irəli sürməyə cəhd edir. XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın Baş naziri Nikol Paşinyanın NATO-nun Əfqanıstan üzrə toplantısında çıxışına münasibətdə bildirərkən deyib.
Onun sözlərinə görə, Brüsseldə NATO
üzv dövlətləri dövlət və hökumət başçıları səviyyəsində qəbul olunmuş
yekun bəyanatda növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü və
suverenliyinə dəstəklərini və münaqişənin bu prinsiplər əsasında həll
edilməli olduğunu bildirdilər. Belə ki, Avropa
İttifaqı ilə Azərbaycan arasında paraflanmış Tərəfdaşlıq Prioritetləri
sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin
toxunulmazlığına dəstək və hörmət ifadə olundu.
"Dövlətlərin
ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına
qarşılıqlı hörmət dövlətlərarası münasibətlərin təməl prinsipləridir,
siyasi və beynəlxalq hüquqi öhdəlikdir və sivil davranışdır.
Ermənistan tərəfindən eyni formada BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, NATO, Avropa
Şurası və digər beynəlxalq təsisatların qərar və qətnamələrinə məhəl
qoyulmaması və hörmət edilməməsi Ermənistanla beynəlxalq ictimaiyyət
arasında ciddi uçurumun olduğunu göstərir.
Münaqişənin danışıqlar
yolu ilə həllində konstruktiv addımlar atmaq əvəzinə Ermənistan
rəhbərliyi danışıqlara qeyd-şərt qoymaq, Azərbaycanın işğal olunmuş
ərazilərinə qanunsuz səfərlər etmək, əlavə canlı qüvvə yerləşdirmək və
hərbi avantüra xarakterli digər addımları ilə vəziyyətin
gərginləşdirilməsinə xidmət edir. Onun vəziyyətin daha da qızışdırılması
məqsədi daşıyan ritorikası ATƏT-in
Minsk Qrupunun həmsədrlərinin və Ermənistan xarici işlər nazirinin bu
kimi ritorikadan çəkilmək barədə çağırışları ilə ziddiyyət təşkil edir".
XİN
rəsmisi bildirib ki, Ermənistan baş naziri demokratiyadan danışmaqla
özünün dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlişini legitimləşdirmək
məqsədi güdür: "Ermənistan baş naziri demokratiya və insan hüquqlarına
sadiq olduğunu sübut etmək istəyirsə, onda Ermənistanın beynəlxalq
öhdəliklərinə əməl etməli, Azərbaycanın işğal olunmuş ərazilərindən
Ermənistan qoşunlarını çıxarmalı və etnik təmizləməyə məruz qalmış
azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq
hüququnun həyata keçirilməsinə mane olmamalıdır.
Azərbaycan
beynəlxalq ictimaiyyətlə birlikdə Ermənistanın işğal və hərbi təcavüzünə
son qoyulması, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri
əsasında ədalətli şəkildə həll edilməsi və regionda davamlı sülhün təmin
edilməsi istiqamətində səylərini davam etdirəcəkdir".