Dövlət İmtahan Mərkəzi
(DİM) iyunun 30-da keçirilən dövlət qulluğuna qəbul üzrə imtahanda
iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərin nəticələri barədə
məlumat yayıb.
DİM-dən XəzərXəbər-ə verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş
1376 namizəddən 1231-i ali təhsil müəssisələrinə qəbul olunub. Bu
şəxslərdən 492-si imtahandan uğurla keçib.
İmtahanlarda toplanan
bal intervalları, bal intervallarına görə dövlət qulluğuna qəbul üzrə
test imtahanından qeydiyyatdan keçənlərin və imtahanlarda uğur
qazananların sayı, faiz göstəriciləri barədə məlumatı DİM-in internet
səhifəsindən əldə etmək mümkündür. 301-400, 401-500, 501-600, 601-700
intervalında bal toplayanların müvafiq olaraq 35,4 faizi, 50,5 faizi,
48,7 faizi, 56,3 faizi test imtahanından uğurla keçib. Əvvəlki
imtahanlarda olduğu kimi bu imtahanda da uğur qazananların faiz
göstəricilərinin bal intervallarına mütənasib olaraq artımı müşahidə
olunur.
Qeyd etmək lazımdır ki, müxtəlif illərdə ali təhsil
müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olmuşdur. Daha
aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər
əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak
edənlərdir.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1376
namizəddən 145 nəfər ali təhsil müəssisələrinə TQDK-nın (DİM-in) əmri
ilə qəbul olmayıb. Onlardan yalnız 16 nəfər (11.0%) imtahanda uğur
qazanıb. Müvəffəqiyyət əldə edənlərdən 4 nəfər xaricdə yerləşən təhsil
müəssisələrini, 12 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirib.