Xəbər verdiyimiz kimi,
ötən gün Brüsseldə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun
və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk
qrupunun həmsədrlərinin (İqor Popov - Rusiya, Stefan Viskonti - Fransa
və Əndrü Sxofer - ABŞ) vasitəçiliyi ilə ilk görüşü keçirilib.
Görüşdə ATƏT-in
fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak
edib. Görüş 4 saata yaxın müddət ərzində davam edib. Bundan əvvəl xarici
işlər naziri Elmar Məmmədyarov ilə həmsədrlər arasında ayrıca görüş keçirilib.
Xarici
İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib
ki, görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə
danışıqlar prosesi ətraflı müzakirə olunub və mövcud danışıqlar
formatının davam etdirilməsi qeyd edilib.
Həmçinin danışıqlar
prosesinin irəli aparılması üçün növbəti addımlara və həmsədrlərinin
fəaliyyət planlarına dair fikir mübadiləsi aparılıb.