Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 10-da keçirilmiş imtahanların nəticələrini açıqlayıb.
DİM-dən XəzərXəbər-ə verilən məlumata görə, imtahanların nəticələri 11 iyul saat 19:33-dən
etibarən Mərkəzin internet saytında yerləşdirilib. İmtahanda iştirak
etmiş abituriyentlər (şagirdlər) DİM-in internet saytına daxil olaraq
imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola
bilərlər.
Abituriyentlər (şagirdlər) imtahan nəticələri barədə
məlumatı, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini
göndərməklə də öyrənə bilərlər.
Nəticələrə əsasən:
– ali
təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən
ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas
təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün qeydiyyatdan keçmiş
18116 abituriyentdən 3001 nəfər imtahana gəlməyib. İmtahanda iştirak
edən 15103 abituriyentdən 12 nəfər imtahan qaydalarını pozduğu üçün
imtahandan xaric olunub və nəticələri ləğv edilib.
– Ümumi (9
illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə
(kolleclərə) qəbul olmaq üçün qeydiyyatdan keçmiş 4437 abituriyentdən
721 nəfər imtahana gəlməyib. İmtahanda iştirak edən 3715 abituriyentdən 1
nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və
nəticələri ləğv edilib.
– Eksternat qaydasında attestasiyada
iştirak etmək üçün qeydiyyatdan keçmiş və üzrlü səbəbdən buraxılış
imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan IX sinif və XI
sinif şagirdlərinin də nəticələri saytda yerləşdirilib.
Qeyd
edək ki, imtahanların nəticələri ilə əlaqədar müraciətlərə baxılması
üçün Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya Komissiyası
Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında (keçmiş
Bakı
Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Şagirdlər
Apelyasiya Komissiyasına 12 - 13 iyul tarixlərində saat 10:00-dan
17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim
etməklə şəxsən müraciət edə bilərlər.