"Gəncədə yaranmış həssas dönəm cəmiyyətimizin dövlətin ətrafinda daha sıx birləşməsini tələb edir" XəzərXəbər xəbər verir ki, bunu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Facebook" səhifəsində yazıb.
Ə.Həsənov
bildirib: "İyulun 3-ü axşam Gəncə Şəhər İcra hakimiyyətinin başçısı
Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsdlə bağlı BBC əməkdaşının sualına
cavab verərkən, mən ilkin məlumatlardan çıxış edərək söyləmişdim ki,
”bu icra başçısına qarşı törədilmiş kriminal hadisədir, silahlı basqın
olub, başçı və mühafizəçisi xəsarət alıb, hadisəni törədən şəxs
yaxalıanıb, hüquq mühafizə orqanları lazımi tədbirləri görürlər”. Belə
ağır cinayət hadisələri zamanı müvafiq orqanların rəyi olmadan daha
təfsilatlı şərhlə çıxış etməyi düzgün hesab etmədim. Bir dövlət məmuru
kimi mənim həmin açıqlamam, əlbəttə ki, dövlətin hadisəni nəzarətə
götürdüyü haqqında cəmiyyəti məlumatlandırmaq istəyilə əlaqəli olmuşdu.
İyulun 6-da Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və
Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı birgə məlumatda baş vermiş
cinayətin terror xarakteri, cinayəti törədən Yunis Səfərovun xarici
vətəndaş olduğu, Azərbaycan dövləti tərəfindən sanksiyalaşdırılmayan
döyüş əməliyyatlarında iştirak etdiyi bildirildi. Həm yerli, həm xarici
mediada dərc olunmuş materiallarda, sui-qəsdçinin həyat yoldaşının bir
neçə dəfə yayımlanmış video müraciətlərində onun bu əməli şəxsi
motivlərlə, qisas naminə və ya bəzilərinin iddia etdiyi kimi "sosial
zülmə” qarşı etiraz olaraq deyil, məhz Suriyada uğrunda döyüşdüyü "ideallar” naminə - şəriət dövləti bərqərar etmək üçün törətdiyi bəlli oldu.
Yunis
Səfərov maddi təminatı yüksək olan bir ailənin üzvüdür, xarici
vətəndaşdır və təbii ki, Azərbaycanın hansısa bölgəsində sosial ədalət
naminə "solçu inqilabı” haqqında düşünməyəb də. Açıqlamalardan göründüyü
kimi, o, bu əmələ uzun illər hazırlaşıb, öz niyyətini həyata keçirmək
üçün müvafiq məqam və tapşırıq gözləyib. Görünür, Mingəçevir şəhərində
baş vermiş qəza ilə əlaqədar yaranmış gərginlik bunun üçün əlverişli
məqam hesab edilib.
Sözügedən dairələrə yaxın xarici media və
Facebook səhifələrinin hələ 2017-ci ilin əvvəllərində Gəncə İH başçısı
haqqında islamofob və anti-şiə imici yaratmaq cəhdləri Azərbaycan KİV-lərində
müzakirə olunmuşdu. Bu ilin əvvəllərindən isə müəyyən reket nəşrlərdə
Elmar Vəliyevin kobud rəftarı haqqında dərc edilən materialların sayında
kəskin artım müşahidə edilmişdi. Görünür, ölkə əhalisinin dini
mövzulara o qədər də həssas olmaması səbəbindən onun barəsində "sosial
zülmün səbəbkarı” imici formalaşdırmağa ehtiyac varmış.
Hadisə
baş verdikdən dərhal sonra radikal dini səhifələr və saytlar, Vətənə
xəyanət ittihamı ilə mühakimə edilmiş separatçılara bağlı KİV-lər Yunis Səfərovu yeni "gəncəbasar qisasçısı”, "qəhrəman” elan etməyə tələsdilər. Bu dəfə də onlara Avropadakı iaşə müxalifəti və onların rəhbərlik etdiyi internet kanallarından, Leyla Yunusova
kimi anti-milli ünsürlərdən kömək gəldi. Rusiyada "talış separatçısı
kimi ad-san qazanmış” İsmayıl Şabanovun, Hollandiyada eyni statusla
yaşayan Ələkrəm Hümbətovun çevrəsi cinayətkarın müdafiə komitəsini
yaradıb xarici dövlət rəsmilərinə müraciət etdilər. 2016-cı ilin aprel
döyüşləri zamanı erməni hərbi mundiri ilə ekranlardan Azərbaycanı,
Azərbaycan əsgərini aşağılayan bir xain ona şeir də həsr etdi. Təsadüfi
deyil ki, Azərbaycan dövləti və onun müstəqil siyasətinin əleyhinə son
dövrlərdə sistemli ideoloji təxribatla məşğul olan bəzi xarici dini
saytlar da bu günlərdə xüsusi canfəşanlıq göstərdilər. Kimə məxsusluğu
bəlli olmayan Ru-clip.ru saytının Youtub kanalı isə "Səda HD” kimi
təqdim olunan şirkətin hazırladığı və üsyana səsləyən 5 klip - çağırış
yayımladı.
Beləliklə, biz dövlətçiliyimizə qarşı separatçıların,
radikal dindarların, yalnız pula və məişət komfortuna işləyən "iaşə
müxalifəti”nin sinxronlaşdırılmış ideoloji təxribatı faktı ilə
üz-üzəyik. Xarici anti-Azərbaycan qüvvələrin bu mənfur niyyətini anlamaq
olar, ancaq daxildən onlara dəstək verən, poilis əməkdaşlarına qarşı
qəddar cinayətə bəraət qazandırmağa çalışan, yaxud da xaricə qaçıb
erməni maliyyəsinin girovuna çevrilənlərin xain canfəşanlığını heç cür
başa düşmək mümkün deyil.
Belə həssas vəziyyət cəmiyyətimizin,
bütün vətəndaşlarımızın milli dövlətçilik ətrafında daha sıx birliyini
tələb edir. Xüsusən ictimai rəyə təsir imkanı olan insanlar - millət
vəkilləri, ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, siyasi
fəallar, media və QHT təmsilçiləri daha həssas davranmalı, iqtidara və
ya onun ayrı-ayrı nümayəndələrinə bəslədikləri fərdi münasibətlərlə
dövlət və Vətən mənafelərini bir-birindən fərqləndirməlidirlər.
XIX
əsr Rusiyasında Vera Zasuliç adlı qadın ilk terror aktını həyata
keçirəndə rus ziyalılarının müəyyən kəsimi onu qəhrəman kimi təqdim
etməyə çalışmışdı və buna qismən nail də olmuşdular. Həmin terrorun
mifləşdirilməsi ilə başlayan hadisələr sonrakı dövrdə Rusiyada üç
inqilaba, milyonlarla insanın vətəndaş savaşında həlak olmasınadək
inkişaf etmişdir.
İdeoloji təxribat deyəndə bir məqamı da yada
salmaq yerinə düşərdi. Yaxın tariximizdə Azərbaycan əsilli xarici
vətəndaşın törətdiyi ilk terror aktın Azərbaycan Dövlət Neft Akademiyası
hadisəsidir. Amma həmin terror öz hədəfinə çatmamış, terror aktı, onu
törədən şəxs və arxasındakı qüvvələr cəmiyyət tərəfindən birmənalı
olaraq lənətlənmişdilər. Bu dəfə də terror Azərbaycan əsilli xarici
vətəndaş tərəfindən törədilib. Amma qeyd etdiyim kimi, ona ictimai
bəraət qazandırmaq üçün uzun müddətli iş aparılıb. Bəzi sosial
səhifələrdə "qalxın, digər şəhərlərdə də bunu təkrar edin” çağırışları
terrorun yeni dalğasına çağırış kimin qiymətləndirilə bilər. Çünki bu,
aksiyalarda Azərbaycan vətəndaşlarının kütləvi iştirakını təmin etmək
məqsədi güdülür.
1970-ci illərin ikinci yarısında Türkiyədə
solçular və sağçılar öz aralarındakı gərginliyi və dövlətlə
anlaşılmazlıqları silah, "devrim”(əslində terror) gücünə həll etməyə
başlayanda Süleyman Dəmirəlin
dediyi məşhur bir ifadə yadıma düşdü: "Cümhuriyyət polisinə güllə atan
əllər kəsilməlidir”. Əlbəttə ki, bununla müasir Türkiyədə heç də Osmanlı
dövlətinin tarixinə aid olan sərt cəzanın birbaşa tətbiqi nəzərdə
tutulmurdu, dövlətin məmurunu terror edənlərin sərt şəkildə
cəzalandırlmasınin vacibliyinə diqqət çəkilirdi.
Əminliklə deyə
bilərəm ki, Azərbaycanda qarşıdurma, xaos yaratmaq istəyənlər qanunun
sərt üzünü görəcəklər və ən ciddi şəkildə cəzalandırılacaqlar. Bununla
yanaşı, təsadüfən, hadisə ictimai maraq kəsb etdiyinə görə, öz
iradələrinin əleyhinə olaraq bu əməlin iştirakçısına çevrilmiş hər kəsi
bu yanlış addımlardan çəkinməyə dəvət edirəm. Azərbaycan dövləti,
dövlətçiliyi, milli maraqlarımız heç vaxt müzakirə mövzusu olmamalıdır
və bu dəyərlərə təhlükə yarandıqda hər bir vətəndaş, hər bir
azərbaycanlı öz qəti mövqeyini ortaya qoymalı, milli iradəsini nümayiş
etdirməlidir. Buna görə də Azərbaycan dövlətinin terror və terror
çağırışlarına qarşı atacağı sərt addımların ziyalılar, tanınmış
ictimaiyyət nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən
düzgün anlaşılmalı, geniş kütlələrə düzgün mesajlar verilməlidir. Hər
hansı səbəb və ya bəhanə ilə terrora bəraət qazandırmaq cəhdləri
yolverilməzdir, sosial səhifələrin aktiv iştirakçıları və KİV
nümayəndələri yazı, rəy və şərhlərində müvafiq qanunvericiliyin
tələblərini və dövlət maraqlarını unutmamalı, hadisələrə daha peşəkar və
obyektiv yanaşmalıdırlar".