"Beynəlxalq hüquq və
BMT nizamnaməsinə görə, hərbi tribunalların təşkil edilməsi ilə əlaqədar
BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmalıdır. Hələlik belə bir
qətnamə yoxdur"
XəzərXəbər xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin
rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun
sözlərinə görə, bu qətnamələr və BMT nizamnaməsinin 7-ci fəslindən irəli gələrək dövlətlər üzərindən konkret öhdəliklər götürülməlidir:
"Ermənistan tərəfindən müharibə dövrlərində Azərbaycana qarşı çoxsaylı hərbi cinayətlər törədilməsinə baxmayaraq, hələ də BMT
Təhlükəsizlik Şurası tərəfindən belə bir tribunalların təşkil edilməsi
barədə qətnamələr qəbul edilməyib. Bu da məsələnin hüquqi müstəvidə
hərbi tribunal səviyyəsinə çıxarılmasına mane olan amillərdən biridir.
Azərbaycan məsələ ilə bağlı müxtəlif səviyyələrdə müzakirə və
məsləhətləşmələr aparıb. İlk növbədə BMT
Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə bu qəbildən olan qətnamələr
qəbul edilməlidir ki, xüsusi hallarda nəzərdə tutulan tribunallar
təşkil edilsin. Ermənistan beynəlxalq məhkəmələrin yurististikasını
qəbul etmir".
XİN rəsmisi qeyd edib ki, Ermənistan münaqişə
dövründə Azərbaycana qarşı törətdiyi əməllərinə görə bir dövlət olaraq
məsuliyyət daşımaqla bərabər Ermənistanın siyasi hərbi rəhbərliyində
olan, bu əməllərin törədilməsində bilavasitə iştirak edən şəxslər də
məsuliyyət daşıyırlar: "Bunun üçün Ermənistan özünün sivil davranışını
nümayiş etdirərək bu şəxsləri cəzalandırmalıdır. Təəssüf ki, Ermənistan
tərəfindən bu addımlar atılmır. Məsələn, Manvel Qriqoryan vaxtilə
Ermənistanın müdafiə nazirinin müavini olub. Füzuli və Cəbrayıl
istiqamətində gedən döyüşlərdə Azərbaycanın mülki əhalisinə qarşı
törədilən cinayətlərdə iştirak edib. 2014-cü ildə "Azadlıq" radiosunun
Ermənistan bürosuna verdiyi müsahibəsində özü açıq şəkildə etiraf edib
ki, 200-dən artıq mülki Azərbaycan vətəndaşını girov götürüb, onları öz
şəxsi təsərrüfatında istifadə edib. İş o həddə çatıb ki, Ermənistan
İnsan hüquqları təşkilatı tərəfindən hiddət və tənqidə məruz qaldığı
halda o erməni olduğu ilə fəxr edib. Həmin şəxsə qarşı korrupsiya
cinayəti ilə bağlı cinayət işi başlanıb. Əgər Ermənistan bu gün insan
hüquqlarından dəm vurursa, bu kimi cinayətlərə də aydınlıq gətirməlidir"
- deyə H.Hacıyev bildirib.