Ötən gün Gəncədə Azərbaycan polisinin rəşadəti, şücaəti nəticəsində destruktiv qüvvələrin qarşısı qısa müddətdə alınıb. XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat
xidmətinin rəhbəri Hikmət Hacıyev ötən gün Gəncədə baş verənlərə
münasibət bildirərkən deyib.
"Bu kimi provokativ, ölkəmizdə
sabitliyi pozmaq kimi uğursuz cəhdlər onu göstərir ki, Azərbaycanın
inkişafı, onun beynəlxalq səviyyədə əldə etdiyi uğurları Ermənistanla
bərabər bəzi xarici dairələri də ciddi sürətdə narahat edir. Ölkəmiz
müharibə vəziyyətində olan dövlətdir. Arxa cəbhədə olan zabitə qarşı əl
qaldırılması, ona hücum edilməsi ön xəttə xidmət aparan əsgər və
zabitlərimizə, ümumilikdə Azərbaycan xalqına qarşı cinayətdir", -
H.Hacıyev bildirib.
XİN rəsmisi qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin
26 iyun möhtəşəm hərbi paradı Ermənistan da daxil olmaqla bir sıra
xarici dairələri ciddi şəkildə narahat edir: "Bu kimi destruktiv
qüvvələrə bəraət qazandıran və bəzi ölkələrdə gizlənən milli satqınlar
xalqımız qarşısında utanmalıdırlar. Ölkəmizə, xalqımıza,
dövlətçiliyimizə qarşı bu cür xəyanətkar əməllərə əl atan şəxslər ilk
növbədə qarşılarında Azərbaycan xalqını görəcəklər".