Vergilər Nazirliyində
aparılan struktur islahatları çərçivəsində vergi yoxlamaları sahəsində
də bir sıra yeniliklər həyata keçirilib. Vergi yoxlamalarının
unifikasiyası və yoxlamaların keyfiyyət göstəricilərinin artırılması
məqsədilə nazirliyin aparatında Vergi auditi departamenti yaradılıb.
Vergi auditi departamentinin baş direktorunun müavini Fateh Mustafayev XəzərXəbər-ə açıqlamasında bildirib ki, departament nazirliyin digər strukturlarının
vəzifələrinə aid edilmiş yoxlayıcı funksiyaları cəmləyəcək, sahibkarlıq
subyektlərində aparılan vergi nəzarəti tədbirlərinin koordinasiyasını
həyata keçirəcək.
"Qeyd edilməlidir ki, son dəyişikliklərə qədər
səyyar vergi yoxlamalarına və operativ nəzarət tədbirlərinə ayrı-ayrı
strukturlar tərəfindən nəzarət olunurdu. Nəticədə bəzən bir vergi
ödəyicisində eyni anda həm səyyar vergi yoxlaması, həm də operativ
nəzarət tədbirlərinin təyin olunması hallarına rast gəlinirdi ki, bu da
vergi ödəyicilərinin haqlı narazılığına səbəb olurdu. Yeni yaradılmış
departamentdə isə yoxlamalar və nəzarət tədbirləri vahid mərkəzdən idarə
olunacaq, səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti
tədbirləri koordinasiyalı formada həyata keçiriləcək. Departamentin
tərkibində Səyyar vergi yoxlamalarına nəzarət, Operativ vergi nəzarəti
və Vergi nəzarəti tədbirlərinin təşkili və təhlili şöbələri yaradılıb.
Departamentin
əsas vəzifəsi vergidən yayınan şəxslərin aşkar edilməsi və onlarda
nəzarət tədbirlərinin keçirilməsi olacaq. Bu məqsədlə təhlil şöbəsi
tərəfindən rəqəmsal texnologiyalara əsaslanaraq təkmil risk
qiymətləndirilməsi həyata keçiriləcək, vergi ödəyiciləri risk qruplarına
bölünəcək. Risk qruplarına düşməyən, yəni vergi öhdəliyini
vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirən vergi ödəyiciləri rahat
şəkildə fəaliyyət göstərəcək. Riskli vergi ödəyiciləri, yəni
dövriyyəsini azaldan, vergidən yayınan şəxslər isə qanun çərçivəsində Vergilər Nazirliyinin
nəzarət tədbirləri ilə qarşılaşacaqlar. Riskin səviyyəsindən asılı
olaraq, vergi ödəyicisində nəzarət tədbirin forması - səyyar vergi
yoxlaması və ya operativ nəzarət tədbirləri həyata keçiriləcək”.
O,
qeyd edib ki, operativ nəzarət tədbirləri də risk meyarları əsasında
həyata keçiriləcək: "Vergi Məcəlləsi vergi ödəyicilərinin vəzifələrini
dəqiq göstərir. Məsələn, bütün vergi ödəyiciləri bilməlidirlər ki,
qanuna görə alıcıya ödənişi təsdiq edən kassa çeki və ya qəbz təqdim
edilməli, işçilərlə əmək müqaviləsi bağlamalı, malların alışını müvafiq
sənədlərlə həyata keçirilməlidir. Paytaxtın və bölgələrin bir çox
ticarət və ictimai-iaşə obyektlərində sahibkarlıq fəaliyyəti ilə məşğul
olan şəxslər tərəfindən kassa aparatlarından istifadə edilməməsi, nəticə
etibarilə ümumi dövriyyənin gizlədilməsi hallarına rast gəlinir. Adi
müşahidələr göstərir ki, hər 5 alıcıdan 3-ü də çek tələb etmir. Kassa
çekinin verilməməsi nəticəsində həm istehlakçıların hüquqları pozulur,
həm də vergidən yayınma halları baş verir. Bu baxımdan, qanunun bu
tələbini pozan şəxslər barədə müvafiq tədbirlər görüləcək.
Vergilər Nazirliyi
bu məsələdə ictimai nəzarətin olmasını da çox önəmli hesab edir.
Vətəndaşlar ödədikləri pulun müqabilində NKA-çeklərini tələb etsələr,
gələcəkdə hər hansı bir neqativ halla rastlaşdıqda öz hüququnu qoruya
bilər və eyni zamanda, dövlət büdcəsinə vergilərin ödənilməsinin təmin
edilməsinə öz töhfələrini verə bilərlər.
Bununla yanaşı, aksiz
markasız və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışının
qarşısının alınması, əmək müqavilələrinin rəsmiləşdirilməməsi,
lisenziyasız fəaliyyət hallarının aradan qaldırılması, malların alış
sənədlərinin olması üzrə də nəzarət tədbirləri keçiriləcəkdir”.
Fateh Mustafayev əlavə edib ki, Vergilər Nazirliyinin
əsas məqsədi vergilərin yığılmasından vergilərin könüllü ödənilməsinə
keçidin təmin edilməsi, vergi mədəniyyətinin daha da yüksəldilməsidir.
2018-ci il vergi inzibatçılığında keçid ilidir. Vergilər Nazirliyi
vergi ödəyicilərində mühasibat uçotunun düzgün aparılmasının bərpası və
vergi ödəmə mədəniyyətinin təmin edilməsi sahəsində ciddi addımların
atılacağını gözləyir: "Sahibkarlıq subyektlərində uçot və hesabatlılığın
qaydaya salınması yeganə yoldur. Kiçik və ya böyüklüyündən asılı
olmayaraq, hər bir vergi ödəyicisi öz vergi öhdəliyinə əməl etməli,
ikili mühasibatlığın aparılması, vergiyə cəlb olunan dövriyyələrin
gizlədilməsi, vergidən yayınma halları aradan qaldırılmalıdır”.